Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Van şəhərinin 12 yaşlı məktəblisi, özünə planşet almaqçün yığdığı bir miqdar pulu Azərbaycan Silahlı Qüvvələrinə bağışlaması ilə məşhurlaşmış İsranurla, onun atası və digər ailə üzvləri ilə telefonla danışıb.
İsranurun Azərbaycanın dövlət başçısına ünvanladığı, ölkəmizə olan sevgini göstərən duyğulu məktubunu, özünə planşet almaqçün yığdığı 36 lirəni Azərbaycan ordusuna göndərməsini xatırladan Qənirə Paşayeva, hər bir azərbaycanlı kimi, bu nəcib addımdan təsirləndiyini vurğulayıb. “Xahiş edirəm, mənim və Azərbaycanlı qardaş-bacılarının salam, sevgi və sayğısını məktəb yoldaşlarına, müəllimlərinə çatdırasan” – deyə, Qənirə Paşayeva qeyd edib.
İsranurun atası və digər ailə üzvləri ilə də danışan Komitə sədri, İsranurun yaşı az olsa da, ürəyinin böyüklüyünü, bir müraciətlə iki ölkənin qardaşlıq bağlarının necə möhkəm olduğunu bir daha isbat etdiyini deyib.
Sonda İsranuru ailə üzvləri ilə birgə Azərbaycana dəvət edən Komitə sədri, uyğun vaxtda bu səfərin gerçəkləşməsindən şad olacağını deyib.
İsranur və ailə üzvləri dəvəti məmnuniyyətlə qəbul edib.