İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.
RegionTV.info xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bu təyinatadək o həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.
O. Xaliyev 2010-2012-ci illərdə "Access Bank" QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.
2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
Xəbəri paylaş