Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ANAMA-nın İdarə Heyətinin sədri Marşal İrsi İnstitutunun prezidentini qəbul edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Suleymanov Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimoru, MLI-ın Əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beykeri və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovu qəbul edib.

RegionTV.info  xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, görüş zamanı ANAMA və MLI arasında minaaxtaran itlərlə bağlı bügünədək görülən işlərə dair müzakirələr aparılıb və gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. ANAMA-nın idarə heyətinin sədri Vüqar Suleymanov agentliyin qarşısında duran mühüm məsələlər haqqında məlumat verib. 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlar (PHS) ilə yüksək dərəcədə çirklənməsi faktı vurğulanıb. Hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən bu torpaqların ümumi tədqiqatı istiqamətində işlər davam edir.

ANAMA-nın idarə heyətinin sədri MLI ilə qarşılıqlı əməkdaşlıq əlaqələrin tarixi haqqında danışıb. 2005-ci ildən bügünədək Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və akkreditasiya keçərək işğaldan azad edilmiş torpaqların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor Azərbaycanda keçirilən minatəmizləmə əməliyyatlarına öz töhvəsini verməklə fəxr etdiyini qeyd etdi. Perri Baltimor ANAMA-nın bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, Agentliyin xüsusi təlim proqramının və itlərin saxlanma şəraitini yüksək dəyərləndirib. Belə ki, dördayaqlı minaaxtaranlar müsabiqələrdə ilk yerləri qazanırlar. Marşal İrsi İnstitutunun prezidenti avqustun 23-ü gətirilən ilk 10 baş minaaxtaran itin əməliyyatlara qoşulmasının minatəmizləmə əməliyyatlarına müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, avqustun 26-da MLI nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor anlaşma memorandumu və müqavilə imzalayacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də