RegionTV.info
Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) baş verən korrupsiya cinayətlərinin araşdırılmasına başlanıb.
Məhkəmə qarşısında 2009-cu ildə Fond yaranandan ona rəhbərlik etmiş Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş “Portos” MMC-nin rəhbəri Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var.
Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.
11 il Fondun icraçı direktoru olmuş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.
Vüqar Səfərlinin yaxınları istintaq dövründə 200 min manat ödəyib.
Digər təqsirləndirilən şəxslərdən də dəymiş zərəri ödəyənlər var. Məsələn, təqsirləndirilən Ədalət Vəliyev V. Səfərlidən 5 dəfə çox - 1 milyon manat ödəyib.
Əldə etdiyimiz məlumata görə, Ə. Vəliyev Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qohumudur. O, binaları tikən “Portos” MMC-nin direktoru vəzifəsini tutub.
Qeyd edək ki, Ə. Vəliyev barəsində həbs-qətimkan tədbiri seçilməyib. Amma sözügedən şirkətin rəhbəri Nadir Məmmədov Vüqar Səfərli ilə birgə həbsdədir. Mənbə bildirib ki, əslində N. Məmmədov şirkətdə formal rəhbər olub, əsas fəaliyyət Ədalət Vəliyev tərəfindən həyata keçirilib. Onun dəymiş ziyanın 1 milyon manatını ödəməsi də sərəncam verdiyi xərclərin əhatə dairəsinin kifayət qədər böyük olduğunu göstərir.
Mətbuatda yayılan məlumatlara görə, istintaqa ifadə verən KİVFD əməkdaşları, o cümlədən təqsirləndirilən şəxslər KİVDF-nin bütün maliyyə, təşkilati işlərinə bilavasitə Əli Həsənovun rəhbərlik etdiyini, bütün qanunsuzluqların onun göstərişi ilə həyata keçirldiyini bildiriblər.
Xatırladaq ki, ötən prosesdə vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
Xəbəri paylaş