Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə evlər təqdim edildi - FOTO

RegionTV.info
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda 45 mənzilli yaşayış binası tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.

Binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

V.Nəsirli vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ötən il 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər əldə etdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi.

Müharibəni tarixi zəfərlə başa vuran Azərbaycanda şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi sahəsində də fəal və nümunəvi siyasət həyata keçirilir.

Nazir müavini dövlət başçısının xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının geniş vüsət aldığını bildirib.

O qeyd edib ki, nazirlik tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1 572 mənzil və fərdi ev verilib. Bu il isə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının 2018-ci ilə nisbətən artıq beş dəfəyə yaxın genişləndiyini göstərir.

V.Nəsirli bildirib ki, keçmiş köçkünlər üçün inşa olunmuş yaşayış binalarındakı mənzillər də dövlət başçısının göstərişi ilə şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu istiqamətdə növbəti addım kimi, hazırda Lənkəran rayonunda da 45 mənzilli yaşayış binası həmin kateqoriyadan olan şəxslərin istifadəsinə verilir. 2014-2019-cu illərdə uçota alınmış imtiyazlı şəxslərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri və Vətən müharibəsi əlillərinin də bu ilin əvvəllərindən mənzillə təminatı həyata keçirilir. Bu gün təqdim edilən 45 mənzil də məhz bu kateqoriyadan olanlara verilir.

Nazir müavini 2021-ci ilin planı üzrə artıq 1 300-dən çox mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyini, bu kateqoriyalardan olan vətəndaşlara indiyədək 10 mindən çox mənzil və fərdi evin verildiyini diqqətə çatdırıb.

Taleh Qaraşov şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının genişlənməsinin həmin vətəndaşlara göstərilən böyük diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

QALEREYA


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də