Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpa işlərini aparır.
RegionTV.info-nun məlumatına görə, Yuxarı Gövhər Ağa məscidinin interyeri məhv edilib, minarələrin dekorları zədələnib, örtüklər və s. dağıdılıb.
Yuxarı Gövhər Ağa məscidinin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları layihəyə uyğun dəyişdirilir. Məscid ərazisindəki dağıdılmış mədrəsə də bərpa olunacaq.
İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər Ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.
Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra xarabalığa çevrilib, dağıntıya məruz qalıb. Ekspertlər hazırda Saatlı məscidində də mövcud vəziyyəti araşdırır.
Qiymətləndirmənin yekununa uyğun olaraq Aşağı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılacaq.
Qeyd edək ki, hər üç məscidin memarı Kərbəlayı Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb.
Xəbəri paylaş