Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“İşğaldan azad edilmiş torpaqlara həyat qayıdacaqdır”

RegionTV.info 
Bildiyiniz kimi bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri baş tutdu.

Erməni vəhşiliyindən azad olunan o torpaqlara yenidən ayaq basmaq həm qürurlu eyni zamanda çox ağrılı idi. Yerlə yeksan edilən, erməni vandalları tərəfindən viran qoyulan Ağdam şəhərini o vəziyyətdə görmək olduqca kədərli idi.Hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar darmadağın edilərək yox edilibdir. İnsanın daxilində necə vəhşilik, nə qədər kin-kidurət ola ki, daşı, divarı, torpağı o cür yararsız vəziyyətəgətirəsən.Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir.Ermənilər otuz ilə yaxındır iddia edirdilər ki, Qarabağ torpağı guya onlarındır. Əslində isə həqiqətin bu olmadığını özləri də yaxşı bilirdilər. İşğal etdikləri o torpaqlar həqiqətən onların olsaydı şəhərləri, rayon və kəndləri, məscidlərimizi dağıdıb o vəziyyətə gətirməzdilər. Ağdam şəhərində bir salamat bina, salamat ev qoymayıblar. Ermənilərin məqsədi azərbaycanlıların izini Qarabağdan tamamilə silmək idi, lakin buna nail ola bilmədilər. 
 
Çox qəribədir ki, Ağdam şəhərində bütün dağıdılan evlərin içərisində ağaclar bitib. Elə bir ev yoxdur ki, o evin içində ağac olmasın. Hər evin içində iki, üç ədəd ağac var. Sanki o ağaclar həmin evləri sahibsiz qalmağa qoymayıblar. 
 
Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtdıq. Biz dövlətimizin gücünü beynəlxalq aləmə ən yüksək səviyyədə nümayiş etdirdik. Bəlkə də bir çox dünya dövlətləri bizim gücümüzə həsəd aparır. Elə dövlətlər var ki, onların da ərazi bütövlüyü bəlkə illər, bəlkə də əsrlərdir işğal altındadır. Lakin o dövlətlərin nə siyasi nə də hərbi gücü yetmir torpaqlarına sahib çıxmağa. Ancaq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyi qısa müddət ərzində bacardı.Məhz buna görə də bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlü söz sahibidir.
 
Cənab Prezidentimiz hər zaman çıxışlarında qeyd edirdi ki, hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir, xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Həqiqətən də biz bu qələbəni hərbi gücümüz sayəsində qazandıq. Vaxtında lazımı texnikanı, müasir silahları alaraq ordumuzu inkişaf etdirib gücləndirməyi bacardıq. İkinci Qarabağ müharibəsindəki Zəfərimizgüclü ordumuzun təzahürüdür.
 
Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb.XXI əsrdə ilk dəfə olaraq, qısa müddət ərzində böyük tarixi nailiyyətin əldə edilməsi dünya ölkələrinin diqqətini Azərbaycana yönəldib. İndi həmin ölkələr dövlətimizin bu böyük təcrübəsindən faydalanmaq istəyir. 
 
Son 1 ildə yaşadığımız günlər həqiqətən tarixi günlərdir. Çoxəsrlik Azərbaycan tarixində bəlkə də buna bənzər şərəfli və qürurlu günlər olmayıbdır. Biz xoşbəxt xalqıq ki, bu şərəfli günləri görmək bizlərə nəsib oldu. 
 
Dövlət başçımızın davamlı olaraq işğaldan azad olunmuş rayonlarımıza səfərləri onu deməyə əsas verir ki, o torpaqlarda hərbi sahədə təhlükəsizlik etibarlı şəkildə tam təmin olunubdur.Bu gün Qarabağ torpaqlarında yenidənqurma, bərpa işlərinə start verilibdir. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir.
 
Dağıdılmış, erməni təcavüzünə məruz qalmış Ağdam şəhəri və kəndləri də yaxın gələcəkdə yenidən ən yüksək səviyyədə, müasir standartlara uyğun, əvvəlkindən də daha gözəl şəkildə bərpa ediləcəkdir. Əlbəttə, bu böyük zəhmət tələb edəcəkdir. Lakin dövlətimizin gücü bunun da öhdəsindən layiqincə gəlməyi bacaracaqdır. Dövlət başçımızın siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaqdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də