Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanıb.
RegionTV.info-nun məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçirilir.
Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.
DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.
Xəbəri paylaş