Bakı metrosunda yeni stansiyanın tikintisi davam edir.
RegionTV.info xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O əlavə edib ki, bütün işlər plana uyğun aparılır.
"Hazırda bənövşəyi xətt üzrə əsas diqqət Xocahəsən elektrik deposu və onun tərkibində olacaq "Bakmil" tipli yerüstü stansiyasına yönəlib. Tunelə qədər yol infrastrukturunun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır.
"Bənövşəyi xətt"in 4-cü stansiyası (B-4) olacaq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında isə inşaatın ilkin hazırlıq işləri aparılır", - deyə qurum rəsmisi bildirib.
Bəxtiyar Məmmədov əlavə edib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: "B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək".
Bəxtiyar Məmmədov həmçinin deyib ki, Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşası planlaşdırılır:
"Hazırda mövcud olan stansiya və xətlərin istifadəsi üçün birinci mərhələ nəzərdə tutulub. Xətt gələcəkdə inkişaf etdikcə, yeni stansiyalar inşa olunduqca ikinci və üçüncü mərhələ icra olunacaq.
Hazırda birinci mərhələ üzrə işlər sürətlə davam edir. Bəzi sahələrdə tamamlanma işləri gedir. Stansiyanın inşası birinci mərhələnin davamı olaraq aparılacaq. Metro stansiyanın inşası 2022-ci ilin sonuna qədər yekunlaşacaq".
Xəbəri paylaş