Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Almaniya Müdafiə Nazirliyi 500 nəfərin təxliyəsini həyata keçirib.
RegionTV.info xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, təkcə Əfqanıstan vətəndaşları yox, oradakı Almaniya vətəndaşları da təxliyə olunub. İndiyə kimi Almaniya Ordusunun arsenalındakı “Airbus A400” təyyarəsi ilə iki dəfə Kabil-Düşənbə reysi həyata keçirilib. Təyyarə daha sonra Berlinə uçub.
Berlinə gətirilən Əfqanıstan vətəndaşları Berlin Miqrasiya İdarəsi, Almaniya Qırmızı Xaç Cəmiyyəti və polis əməkdaşları tərəfindən qarşılanıblar.
Mövzu ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən isə “Report”a bildirilib ki, Əfqanıstandan gələnlər Almaniyanın 16 əyalətində yerləşdiriləcəklər.
Almaniyanın bir çox şəhərində yataqxana kimi istifadə olunan və uzun müddətdir qapadılan binalar yenidən açılıb. Şimali Reyn Vestfaliya Əyalətində şəhər bələdiyyələri tərəfindən iki böyük otel icarəyə götürülüb.
Almaniya mediasında yer alan xəbərlərə görə federal hökumət Əfqanıstandan 10 minə qədər qaçqını qəbul edib yerləşdirə biləcəyini düşünür.
Bu məsələ hökumət üzvləri tərəfindən hələ ki, təsiqlənməyib.
Xəbəri paylaş