SOCAR və BP tərəfindən avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin (SWAP) Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb.
RegionTV.info xəbər verir ki, Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata əsasən, quyunun qazılmasında istifadə olunan “Satti” özüqalxan üzən qazma qurğusu avqustun 9-da müvəffəqiyyətlə dənizə yola salınıb.
Quyunun dərinliyinin 2 424 metr olması planlaşdırılır. Qazma işlərinin iki ay yarım davam edəcəyi gözlənilir. Quyu haqqında məlumatlar təhlil ediləcək, nəticələr uğurlu olarsa, onları təsdiqləmək üçün qiymətləndirilmə aparıla bilər.
Layihənin operatoru BP şirkətidir. Hasilatın pay bölgüsü sazişində BP və SOCAR hər biri 50 faiz paya malikdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır:
“Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xətlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, “BP Azərbaycan” və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcək”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə əlavə edib ki, Abşeron yarımadasının dayazsulu sahəsində qazma əməliyyatlarına başladıqları üçün şaddırlar:
“Dünyanın digər dayazsulu ərazilərində əməliyyatlar zamanı topladığımız təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə təhlükəsiz və davamlı qazma proqramını təmin etmək üçün böyük hazırlıq görülüb. SWAP ərazisində ilk kəşfiyyat quyusunun təhlükəsiz və effektiv şəkildə təhvil verilməsi üçün SOCAR ilə sıx əməkdaşlıq etməyi düşünürük”.
“Satti” özüqalxan qazma qurğusu “Caspian Drilling Company” (CDC) şirkəti tərəfindən idarə olunur. Qurğunun SWAP layihəsinə cəlb olunması haqqında sənəd 2021-ci ilin iyununda imzalanıb.
Xəbəri paylaş