İndiyə qədər dünyanın bir çox ölkəsinə səyahət edən türkiyəli məşhur bloger Mehmet Sendinç Azərbaycandadır.
RegionTV.info xəbər verir ki, sonuncu dəfə Qırğızıstanın paytaxtı Bişkekə səyahət edən Sendinç bu dəfə Bakıya üz tutub. Mehmet Bakıda Abşeron rayonu Masazır qəsəbəsindəki evlərdən birində qonaq olub. Çıxdığı səyahətləri ödənişsiz həyata keçirən və pul xərcləməyən blogerə mətbəximizin milli və ləziz təamları təqdim edilib.
O, xalqımızın qonaqpərvərliyindən çox razı qalıb. Mehmetin səyahəti Bakı ilə yekunlaşmayıb. O, bölgələrimizə də səyahət edib. Səyahətini Qubada, daha sonra isə Lerikdə davam etdirən bloger dağ təbiətinin ecazkar gözəlliyinə heyran olub. Mehmet rayon sakinlərinin təqdimatı ilə bölgələrdəki müəyyən adət-ənənələrlə tanış olub.
Xatırladaq ki, Sendinç 2017-ci ildə çalışdığı işindən ayrılaraq dünyanı gəzib kəşf etmək qərarına gəlib. O, digər blogerlərdən fərqli olaraq səyahətlərini pul xərcləmədən “autostop”la reallaşdırır.
Sendinç Bakıda maşın saxladaraq pulsuz Qubaya səyahət istəyərkən problemlə qarşılaşıb. Sürücülərin əksəriyyəti onu pulla aparmaq istəyib. Türk bloger Bakıda əksər sürücülərin taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. Sonradan isə Qubaya gedən bir ailə Mehmet Sendinçi avtomobilə götürməyə razı olub. Bloger həmin ailənin qonaqpərvərliyindən çox razı qalıb. “Youtube” sosial platformasında "Deyişik yollarda" adlı kanalı olan Mehmetin səyahətləri zamanı çəkilən videoları 22 milyondan çox insan izləyib.
Xəbəri paylaş