Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
RegionTV.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVID-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir.
Həmçinin, bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.
Xəbəri paylaş