Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
RegionTV.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Xəbəri paylaş