Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
RegionTV.info xəbər verir ki, ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd edib.
Ali Məclisin Sədri diqqətə çatdırıb ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunub, qarşılıqlı layihələr həyata keçirilib.
"İcma Quruculuğu Təşəbbüsləri Proqramı" çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür edib.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlıq edən səfir Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətini vurğulayıb. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş