Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi barədə Modern.az-a müsahibə verib.
- Cavanşir müəllim, mətbuatda da yazıldığı kimi Serbiya prezidenti Azərbaycan prezidentinə zəng vurub və Tovuz hadisələrində Serbiyanın Ermənistana silah satması ətrafında aşkarlanmış faktla bağlı öz təəssüfünü bildirib. Sizcə, edilən zəng hansı mənanı ifadə edir? Bizimlə düşmən olan ölkəyə silah satıb həmin silahdan Azərbaycana qarşı istifadə edildikdən sonra Serbiya prezidentinin Azərbaycan prezidentinə zəng vurmasını necə qiymətləndirmək olar?
- Serbiya prezidentinin Azərbaycan prezidentinə zəng vurması siyasi cəhətdən tam yetkin və məntiqli addımdır. Baş vermiş insidentdən sonra Serbiya rəhbərliyinin Azərbaycan prezidenti ilə dərhal əlaqəyə girməsi gözlənilən idi. Görünür ki, keçən günlər ərzində Serbiya siyasi hakimiyyəti hadisələri ölçüb-biçib dəyərləndirərək sonda doğru nəticəyə gəliblər. Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Dünyanın digər ölkələrində də bu kimi hadisələr baş verir. Burada o qədər də qeyri-adi bir şey yoxdur. Bütün ölkələr öz aralarında müəyyən ticarət əlaqələrində bulunurlar. O cümlədən silah-sursat ticarəti də ölkələr arasında geniş yayılmış ticarət növüdür. Sadəcə Serbiyanın Azərbaycanla strateji tərəfdaş olduğunu nəzərə alaraq və Serbiya hakimiyyətinin Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu bilərək Ermənistana silah satması təəccüb və təəssüf doğurur. Ona görə də bu zəng həmin faktların araşdırılması və dəyərləndirilməsi üçün çox pozitiv başlanğıc addımdır.
- Telefon danışığında qeyd olunub ki, Serbiyadan yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək və bu faktın araşdırılması ilə məşğul olacaqlar. Sizcə belə bir araşdırmaya ehtiyac varmı? Əgər araşdırılma olacaqsa bu bizə nə verəcək?
- Hər bir insident araşdırılmalıdır. O cümlədən də sözü gedən insidentin detalları maraqlı tərəflər arasında müzakirə yolu ilə araşdırılmalıdır. Serbiyadan gəlməsi nəzərdə tutulan nümayəndə heyəti çox güman ki hərbi mütəxəssislərdən ibarət olacaq. Eyni zamanda, silahın hansı yolla, hansı şərtlərlə və hansı şəraitdə Ermənistana satılması da aydınlaşdırılmalıdır. Ola bilər ki Serbiya birbaşa Ermənistana silah satmayıb və ya Serbiyada istehsal olunmuş silahın üçüncü ölkələr tərəfindən alınması da mümkün variantlardan biridir. Ola da bilər ki Serbiya birbaşa bu silahı Ermənistana satıb. Bütün bu məsələləri araşdırmaq və səbəblərini aydınlaşdırmaq, eləcə də, izahat vermək üçün Serbiyadan yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinə ehtiyac var. Bu tamamilə doğru qərardır. Belə hesab edirəm ki, Serbiyanın nümayəndə heyəti Azərbaycana gələndən və mütəxəssislərlə görüşüb araşdırmalarını başa çatdırdıqdan sonra bu silahın hansı yolla necə və nə məqsədlə Ermənistana gəlib çıxması hamıya aydın olacaq.
-Bu insidentdən sonra Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin perspektivini necə dəyərləndirə bilərsiniz? Gələcək münasibətlərimiz hansı istiqmətdə inkişaf edə bilər?
- Hesab edirəm ki, belə insidentlər ötəri hallardır. Bu halda insidentin bayaq qeyd etdiyim kimi hər iki tərəfdən təşkil olunmuş nümayəndə heyətləri arasında müzakirə olunub çözüləcəyinə inanıram. Serbiya-Azərbaycan münasibətləri olduqca böyük perspektivlərə malikdir. Serbiya Avropa qitəsində Azərbaycanın strateji tərəfdaşlarından biridir. Gələcəyə hesablanmış Azərbaycan-Serbiya münasibətlərinin bugünkündən daha yüksək səviyyədə qurulmasına ehtiyac var. Hesab edirəm ki, hər iki ölkənin siyasi hakimiyyəti özlərində güc tapıb bu faktı araşdırıb onun mənfi və müsbət tərəflərini dəyərləndirdikən sonra münasibətlərin yeni səhifədən başlanması və bugünkü səviyyədən daha yüksək səviyyəyə qaldırılması da mümkündür. Siyasətdə incimək, küsmək anlayışına yer yoxdur. Siyasətdə maraqlar anlayışı var. Biz də öz maraqlarımızı daha dolğun təmin etmək üçün emosional yox, praqmatik olmalıyıq. Əminəm ki, belə də olacaq.