Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kimdir haqlı: multikultral Azərbaycan, yoxsa tsexakronla zəhərlənmiş Ermənistan?!






Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət olaraq multikultral dəyərlərlə zəngin bir ölkədir. Heç təsadüfi deyildir ki, 2016-cı ildə Azərbaycanda səfərdə olmuş Roma Papası Fransisk Azərbaycanı əsl tolerantlıq nümunəsi adlandırmışdır.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Ölkəmiz  dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edir. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

Bununla yanaşı, bir-biri ilə qütbi əks mövqedə duran dövlətlərin və hərbi-siyasi alyansların dəfələrlə svil dialoq məkanı kimi yer alan Azərbaycanın sülh adası imicindən  fərqli olaraq terrorçu dövlət mahiyyəti ilə Ermənistan  beynəlxalq sülhü, təhlükəsizliyi  zaman-zaman təhdid etməkdədir.   

Planeti saran pandemiya ilə mübarizə müstəvisində  Azərbaycan dünyanın 30-dan çox ölkəsinə humanitar və maddi yardım göstərmişdir.Ermənistan nəinki bu tipli humanitar aksiyada iştirak etmir, əksinə hətta Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlı olmasına baxmayaraq təşəbbüs Azərbaycan tərəfindən irəli sürüldüyünə görə Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. 

Ermənistan bəşər tarixinə bu günə qədər nifaq, terror, problemdən başqa heç nə verməmişdir. Ermənilərin natamamlıq kompleksindən doğan idoloji çırpıntıları özündə kin, nifrət, qisas kimi özünü deqradasiya edən “təlim”lərində ehtiva olunmuşdur. Belə təlimlərdən biri hazırki Ermənistanın sabiq və indiki iqtidarının kredosuna çevrilən, bununla da erməni xalqını mazaxist notlarla fəlakətə sürükləyən Tsexakron təlimidir.  Tsexakron - ermənicə  iki sözün-"irq" və "din" sözündən yaranmışdır.Bu təlimin müəllifi  20 yanvar 1866-cı ildə İrəvan quberniyasının  Naxçıvan qəzasında anadan olmuş,"erməni tarixində həm də Sünikin (Zəngəzurun) xilaskarı" kimi tanıtdırılan , əli yüzlərlə azərbaycanlının,türkün qanına batmış Qaregin Njde (Qaregin  Ter-Arutyunyan)  olmuşdur.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan Respublikası məhz  bu təlim əsasında  öz dövlət siysətini müəyyənləşdirir. Hətta, sabiq dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu  Ermənistan Respublikaçılar Partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri  sayırdı. Belə ki, Ermənistan Respublikaçılar Partiyasının proqramında  qeyd edilir: "...partiyamızda əsas düşüncə tərzi Qaregin Njdenin təlimi üzərində  qurulur".  

Bu anti humanist təlimin əsas mahiyyəti və istiqamətləri Qaregin Njdenin 1932-ci ildə Bolqarıstanda  nəşr etdirdiyi "Soy Ruhunun Hərəkatı" adlı kitabında ifadə olunmuşdur. Öz dağıdıcı, aqresiv, antihumanist mahiyyətinə görə Tsexakronu hətta  erməni faşızmı ilə müqayisə etmək çətindir. Bu təlimin ilkin ideyası  Njde tərəfindən oğurlansa da o, öz ideya sələflərini təlimdə aşıladığı amansızlığa görə kölgədə qoydu. Njde deyir: "İtalyanların faşizmi var, almanların nasizmi var, ermənilərinsə Tsexakronu var... Biz 1919-cu ildə bu fikirləri meydana gətirərkən, Mussolini öz düşüncələrini daha yeni-yeni kəşf edirdi... Hitler ərazilərin genişlənməsinin təzahürünü hələ təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun ana torpağı olan erməni dağlıq bölgəsini (Şərqi Anadolu, Kilikiya və Qafqazın böyük bir ərazini əhatə etməkdədir) geri vermək istəyirik... Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə Türklərdir, Onlar erməniləri yer üzündən silirlər və məmləkətimizin  torpaqların böyük hissəsini ələ keçiriblər".      

Göründüyü kimi, ermənilər sanki əbədi frustrasiya halındadır və bunun səbəbini də türklərdə görürlər.Buna  görə də onların milli ideologiyası türkə nifrət ruhunda qurulub.Əvvəldən axıra qədər türkə nifrət sərgiləyən bu təlimdə əbədi milli düşmənçilik, ədavət toxumu yayan belə bir fikir özünə yer alır:"Bizim bəlamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, Türksevər ermənilər vardır".

Məhz bu tipli məqamlara görə erməni araşdırmaçı Smbat Hovhannisyan özünün  "Tsexakronutyun və faşizm” adlı məqaləsində bu təlimi faşizmlə müqayisə edərkən onun daha irqçi, aqresiv mahiyyətini qeyd edir.

Erməni xalqını kütləvi şəkildə narsizmə sürükləyərək sağalmaz mərəzə mübtəla edən Tsexakron təlimində deyilir: "Mən öz soyumu  (tsex) bilirəm, mən öz  nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır, ali irqdir, mən cismimdə Tsexarakonu daşıyıram. Mən Yer kürəsindəki ilahi izləri öz soyumda  oxudum, gördüm, opdüm, təzim etdim və Tsexakrona çevrildim.Soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi əsrlərin şahididir, o əbədi  olaraq ermənidir, Allahın  ortağıdr".  Orada daha sonra qeyd edilir: "Erməni olmağa o adam layiq deyildir ki, onun üçün bizim planetdə "erməni" kəlməsindən daha üstün şeylər vardır.Erməni olmaqdan əvvəl də sən erməni olmalısan!",  "erməni öz tarixində ermənidən daha öncə adam  olmuşdur, bu xüsusiyyətinə görə də onun faciələri qaçılmaz olmuşdur". Njdeyə görə, ermənilik hər şeydən üstündür. "Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeyin fövqündədir".    

Ən maraqlısı da odur ki, yüksək, ali məqsədlərdən dəm vuran bu bədnamın psixofizoloji durumu onun əslində gerçək kimliyini ortaya qoyur. Elə bu acı gerçəkdən çıxış edən məşhur daşnak Manuçar Sukiasyan "Tsexakron" adlı ifrat millətçi təşkilatı yaradılanda deyəcəkdi: "Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişi Njde bizə cəsarət və kişilik dərsi keçir". 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı əzabla, vəhşiliklə qətlə yetirib. Onun bu "şücayət"inə görə Bolqarıstanla Yunanıstanın hərbi ordenlərini almasından dəhşətə gələn Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı məktubunda yazırdı: "...Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu "sevmələrini" tələb edib, özü qadın paltarı geyib və səhərədək "təcavüzə" məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq".

Njdenin Tsexakron təliminə görə, hər bir erməni bütün həyatı boyunca "Qərbi Ermənistanı" dedikləri ərazini türklərin əlindən alınmasına çalışmalıdır. Njde tərəfindən 1933-cü ildə əsası qoyulan "Tsexakron Uxter" adlı qurumun devizi belə idi: "Ermənistan ermənilərə". Elə bu şüarı əldə rəhbər tutan Ermənistan dövləti yarandığı gündən elan olunduğu çoğrafiyada etnik təmizləmə siyasəti aparmış, nəticədə həmin ərazinin aborigen xalqları, eyni zamanda orada yaşayan digər qeyri-erməni toplumu cəlay-vətən etmişdir.Bu amansız siyasətin nəticəsidir ki, Ermənistan monomilli dövlət kimi mövcuddur.

Hərçənd, qeyd olunduğu kimi ermənilər bu ərazinin aborigen xalqı olmamışdır. 1828 -ci ildə Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdir. Həmin vilayətə İran və Osmanlı imperiyasından kütləvi surətdə ermənilər köçürülmüşdür ki, vilayətin etnik tərkibi rusların daha loyal qəbul etdiyi xristianların say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin. Göründüyü kimi, artıq tarixdən məlum olduğu kimi ermənilər Rusiya imperiyasına bir alət qismində bu əraziyə gətirilmişdir. Rusiyanın Zaqafqaziyadakı bu müstəmləkəçilik siyasəti haqqında rus tədqiqatçısı N.N.Şavrov yazır: "Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq.N.Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.

1918-ci il iyunun 4-də Türkiyə  ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanan zaman Ermənistan Respublikasının ərazisi təqribən 9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 200 min erməni, 100 min azərbaycanlı, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı. Bu respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. (Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371.) .Erməniləri rus imperiyasının istifadəsindən çıxarıb öz geopolitik maraqları üçün istifadə dövriyyəsinə qatmaqda maraqlı olan və buna görə də bir sıra hallarda onlara qəyyumluq etməyə çalışan Almaniyanın  diplomatı Bernsdorf (İstambulda səfir olmuşdu ) bu mənzərəni obrazlı şəkildə belə təsvir etmişdi: "Türkiyə ermənilərə ancaq Sevan (Göyçə) gölünü saxlayıb, hansı ki, çimə bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb”.

Bu gün tam monomilli dövlət kimi mövcud olan Ermənistanda bir nəfər azərbaycanlı və türk ailəsi təsəvvür etmək mümkünsüzdür. Halbuki, həm Azərbaycanda, həm Türkiyədə minlərlə erməni mövcudluğu kimsədə şübhə doğurmur.Təssüf ki, bu gerçəkliyi görməyə Ermənistana havadarlıq edən dövlətlərin gözü bağlanmışdır. Ermənistan Respublikası Milli Statistika Xidmətinin məlumatına əsasən orada əhalinin  98.1%-ni  ermənilər, 1.2%-ni kürdlər (əsasən yezidi), 0.4%-ni ruslar və qalan 0.3%-ni isə assuriyalılar, yunanlar (Qafqaz yunanları), yəhudilər, gürcülər təşkil edir. 

Ermənistan tarixən xəyanətkar, etibarsız  imicinə sadiq qalmaqdadır.Tarix təkrar olunur. Məlum olduğu kimi, 2020-ci il  oktyabrın 21-də Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə işgüzar səfəri çərçivəsində görüşdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənərək, müharibədən sonra Ermənistanın xarici siyasətinin NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan etdi.Xatırlatmaq yerinə düşər ki, 1942- ci ildə Njde də Berlinə gedərək, ermənilərin almanlara sədaqətli olacaqlarını sübut edən materiallar aparır. Ancaq Sovet Ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini bildirir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu qeyd edir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək, Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Komitəsinin həbsxanasında qaldıqdan sonra Njde Yerevana göndərilir. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində, almanlara sədaqət rəmzi kimi daşıdığı sənəd matereallarına görə və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinərək 25 illik həbs cəzasına məhkum olunur və 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölür.

Paradoks ondan ibarətdir ki, bu gün beynəlxalq təşkilatlar və onların qəbul etdiyi sənədlər nasizmə, faşizmə qarşı mübarizəyə səslədiyi bir anda, Ermənistanda nasizmi, faşizmi təbliq edənlər qəhrəmanlaşdırılır. Belə ki,2004-ci ildə Ermənistanda, o vaxt iqtidarda olmuş Respublikaçılar Partiyası tərəfindən "Qaregin Njdenin Təlimi" kitabı çap edilmişdir ("Qaregin Njde i eqo uçeniya" İzdatel, Respublikanskaya Partiya Armenii , Yerevan-2004). Eyni zamanda, Ermənistanda "milli qəhrəman" səviyyəsinə qaldırılan Qaregin Njde haqqında büdcəsi 7 milyon ABŞ dollar məbləğində  filmi çəkilib və 2013 cü ildən etibarən  nümayiş olunur.  Və nəhayət, 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu qatilə hündürlüyü 6 metrə yaxın olan bir heykəl qoyulmuşdur. 

2019-cu ilin oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zamanında Ermənistanda nasizmin,faşizmin əbədiləşdirilməsinə yönələn addımları kəskin tənqid edərək bildirdi:”Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Ancaq tsexakronla zəhərlənmiş Ermənistanın yeni hakimiyyəti nəinki Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxdı, əksinə Azərbaycanın ərazi bütövlüyünü daha sərt təhdid edərək “yeni ərazilər uğrunda  yeni müharibə” şüarı ilə çıxış edərək işğal etdiyi əraziləri legitimləşdirmə cəhdləri etdi, öz ideya sələflərinin mürtəce əməllərini davam etdirərək Azərbaycanın qeyri döyüş bölgələrini hədəfə çevirərək mülki əhalinin qətlinə səbəb oldular.

Baxın, bu gün Azərbaycanın müzəffər ordusu Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edir və Ermənistanın məğlub durumuna, onların azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərə rəğmən dövlətimiz dünyəvi dəyərlərə, multikultral həyat tərzinə sadiq qalaraq müharibə bitəndən , Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunandan sonra yenə də ermənilərin bizimlə birlikdə yaşamasına tolerant münasibət sərgiləyir.Əksinə Ermənistan məğlub durumda olmalarına, Azərbaycana qarşı cinayətlər törətmələrinə rəğmən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda monomili qondarma bir qurum yaratmaqda israrlıdır. Ancaq onların bu arzuları gözlərndə qalacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bununla bağlı birmənalı və qətiyyətli mövqeyini bildirmişdir: “Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks-təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz”.

Bəli, bu gün xeyirlə şərin mübarizəsi gedir.Bir tərəfdə svil, dünyəvi, humanist dəyərləri əldə rəhbər tutan, multikultral həyat tərzi olan, dünyaya humanist örnəklər sərgiləyən Azərbaycan, digər tərəfdə tsexakronla zəhərlənmiş və bu mətahlarının realizəsi ümidilə ayrı-ayrı dövlətlərin zaman –zaman istifadə alətinə çevrilmiş irqçi, ksenofob, bəşəri dəyərlərə düşmən monomilli Ermənistan.Bu gün Azərbaycan əsgəri həm də ona görə güclüdür ki, o haqlıdır  və Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında beynəlxalq hüququ, ilahi ədaləti bərpa etmək uğrunda savaşır.Ümidvarıq ki, yaxın günlərdə xeyirin şər üzərində qələbəsinin təntənəsini yaşayacağıq.

Üzeyir şəfiyev 
Konfliktoloq


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də