Pirallahı Rayon Polis Şöbəsinin, eləcə də Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.
Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib. Qapalı məkanlarda maskadan istifadə etməyən şəxslər müəyyən edilərək onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirləri görülüb.
Qeyd edək ki, Pirallahı rayonu ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Xəbəri paylaş