Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.
Maraqlıdır, insanları maska taxmağa təşviq etmək məqsədi ilə atılan bu addım, bir daha maska və bu kimi vasitələrin koronavirusla mübarizədə həlledici rol oynadığını, bu qaydalara hər kəs tərəfindən əməl edilməsinin vacibliyini göstərmirmi?
Açıqlama verən professor Adil Qeybulla maskadan istifadənin önəminə diqqət çəkdi:
“ÜST-ün bu addımı hər şeydən öncə rəmzi-simvolik məna daşıyır və şübhəsiz ki, məqsəd insanlar arasında maskadan istifadənin vacibliyini təbliğ etməkdir.
Qeyd edim ki, bəzi ölkələrdə maskadan istiafdə etmək ənənəsi var. Yaponiyada, bəzi Avropa ölkələrində soyuqdəyməsi olan insanlar koronavirusdan öncə də maskadan istifadə ediblər. Lakin təəssüf ki, ölkəmizdə hələ də insanları maskadan istifadənin vacibliyinə tam inandıra bilməmişik. Ölkəmizdə hələ də maskadan istifadənin mahiyyətini anlamayan, onun önəminə şübhə ilə yanaşan xeyli insan var.
Lakin bunu da qeyd etmək lazımdır ki, insanların önəmli bir hissəsi də xeyli müsbət vərdişlərə yiyələnib. Onlarda maskadan və digər dezinfeksiyaedici məhlullardan istifadə vərdişi formalaşıb. Bu isə gələcəkdə pandemiya və digər hallarda cəmiyyətin daha çevik reaksiyasını təmin etmək baxımından vacibdir”.