Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paytaxtda dəniz, bölgədə şəlalə satılır: Xeyr, dədə mirası deyil - FOTOLAR

RegionTV.info                                                                                                     
Pullu girişə etiraz səsləri: “Bəlkə birinin cibində pulu yoxdur...”
 
Yay gələndə nə olur olsun, Bakıdan uzaqlaşmaq kimi planlar qururuq. Təmiz dağ havası, suyu, qidası, sərinliyi arzusunda olur hamı. Ya qismət. Kimisi pulu tapanda imkan tapmır, kimisi də əksinə - imkan tapanda pulu.
 
Biz də ikisini tapmışkən, fürsəti əldən vermədik. Üz tutduq Oğuza. İndi gedilən yerlərdə hamı şəlalə, bulaq suyu axtarır. Sərinləmək haqqımızı ana təbiət əsirgəməyib, amma bəzi işbazlar Bakıda dənizi bizdən alıb hasarladığı kimi, bölgələrdə də səfalı yerlərin çox hissəsi biznes mənbəyi kimi mənimsənilib. Bu, ağrılı bir həqiqətdir. Misal üçün, elə Oğuzun Xal-xal kəndində yerləşən şəlalə kimi.
 
Xal-xal şəlaləsi rayon mərkəzindən xeyli aralıda, meşəliklərin içində yerləşir. Son illər yerli və xarici turistləri bol olan məkandır. Elə bu səbəbdəndir ki, düz şəlalənin ərazisi istirahət mərkəzinə çevrilib. Gözəldir, qəşəngdir. Amma istirahət mərkəzi pul qazandıqca həddini aşmağa başlayıb. Ölkənin sərvəti hesabına bura gələn ziyarətçilərdən qazanc əldə etməklə kifayətlənməyib, indi də ərazini hasarlayıb, şəlalənin yerləşdiyi yeri təmamilə öz şəxsi mülkünə çevirib, başına polislər qoyub, insanları da girişi bir (uşaqlar) və iki (böyüklər) manatdan içəri buraxır.
 
Nəzərə alsaq ki, insanlar ailə, kollektiv şəkildə bura gəlirlər, bu rəqəmin və qazancın nə qədər olduğunu təxmin etmək olar. Və ən maraqlısı odur ki, şəlaləyə yaxından baxmaq, irəli gedib şırhaşırında şəkil çəkdirmək və dayanmaq üçün də yenidən 1 manat tələb olunur. Hər şeydən pul çıxarmaq ideyasını mənimsəyənlər hələ anlamırlar ki, təbiət hadisəsi və gözəlliyini istədikləri kimi bizə sata bilməzlər. Baxmayaraq ki, deyilən məbləği ödəyib, məsələnin mahiyyətinə varmayanlar çoxluq təşkil edir.
Bir məqamı da qeyd edim ki, giriş üçün ödənilən məbləğin qayda-qanunla qəbzi də ziyarətçiyə təqdim olunur. “Vətənsevər” işbaz şəhid, qazi ailələri üçün girişin pulsuz olduğunu bildirir. Baxın, elə absurd məqam burada önə çıxır. Şəhid, qazi Vətən torpağının hər qarışını, daşını müdafiə üçün döyüşüb, kimlərinsə xalqa məxsus sərvətinin pulla satılması üçün yox. Şəlalə “satıcıları” şəlaləyə baxmaq üçün gələnlərə belə bir “qayğıkeş” şərt də qoyub. Ərazidə yerləşən restoranda 150 manatdan yuxarı yeyib-içənlərin giriş pulları geri qaytarılacaq. Əlbəttə, bu da gözəl biznes maraqları üçün hesablanıb. Kimsə soruşa bilər ki, bu hesabda restoran xidmətindən istifadə edən tapılırmı. Bəli, başqa yol yoxdur. Əgər restoranda ailəliklə oturacaqsansa, menyuya baxdıqdan sonra pulun varsa, qalacaqsan, yoxdursa, qalxmalısan.
 
Əlbət ki, çoxu belə yerlərə sorğu-suallardan sonra baş çəkir. Turizm hiyləsi ilə pul qazanmaq siyasəti burada da keçərlidir. Ərazidə şəlalə suyundan yaradılmış göldə farel balığı yetişdirilir. Kiloqramı da 30-50 manat arasında dəyişir. Orta hesabla, 4-5 nəfərlik yeyib içmək üçün, bəzən hesab 150 manatı da aşır. Çünki təklif olunan başqa yeməklər və qəlyənaltılar da xeyli bahalıdır. Xülasə, şəlaləyə baxmazdan qabaq ya evində yeməyini yeyib gəlməlisən, ya da yaxşıca pullu ciblə rahat ziyarətə gəlməlisən.
 
Bəs bu özbaşnalıq kimdən, haradan qaynaqlanır? Qoruqlar, tarixi yerlər, muzeylər dövlət səviyyəsində qorunur və ziyarət üçün girişin pullu olması məqbuldur. Hansısa işbazın bu yolla pul qazanması bəs?
 
Şəlaləni ziyarət sırasında bu suallara cavab vermək üçün adam axatarırdım. Girişdə dayanan şəxslər istirahət mərkəzinin bu qərarı iki aydır verdiyini söylədilər. Səbəb və məsul şəxs axtarışım nəticə vermədi. Təqdim olunan qəbzdə şəxsi obyektin, istirahət mərkəzinin sahibi Məhəmmədov Aqil Gülbala oğlu kimi qeyd olunur. Verilən “sahibi ölkədə yoxdur” cavabından sonra təxmin etdim ki, öz obyektində insanları soyan sahibkar uzağı Türkiyədə dincəlir. Görəsən, özü anlayırmı ki, onun satdığı bir qarın yemək qiymətinə, misal üçün, Türkiyədə təqribən bir həftə keçinmək (gündə 3 dəfə qidalanmaqla) olar? Nə isə...
 
Hamı bilir ki, ərazidə işləyən ofisiantlardan daha çox məlumat almaq olar, nəinki səriştəli şəxslərdən. Adını çəkmək istəmədiyim (sonra işindən olar) ofisiant da şəlaləyə girişin pullu olma səbəbinə maraqlı aydınlıq gətirdi: “İstirahət mərkəzinə gələnlər əsasən şəlaləyə baxmaq üçün gəlirlər, çoxu da Bakıdan turla gələn ziyarətçilərdir. Basabas olur, biz ofisiantlar hərəkət edə bilmirik, restoranda xidmətə maneçilik törədilir, çox adam saatla şəlalə başında oturur. Ona görə giriş pullu edildi ki, hər kəs gəlməsin”.
Dərhal verdiyim suala - bəs nə fərqi var, bura yenə basabasdır axı – ofisiant gülərək cavab verdi: “Bəli, heç nə dəyişməyib”. Özü də gözəl bilir ki, sahibkarın “ağıllı” qərarı həm eqoistcəsinə verilib, həm də birbaşa pul qazanmağa hesablanıb.Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğuma belə cavab verildi: “Bu məsələdə nazirlik məsuliyyət daşımır, aidiyyəti qurum Oğuz Rayon İcra Hakimiyyəti və Xal-xal Bələdiyyəsidir. Əraziyə bələdiyyə baxır”.
 
Xal-xalda olanda bələdiyyə idarəsindən məsul şəxs axtarışım da boşuna getdi. Müxtəlif fəndlərlə (jurnalistlərdən yamanca qorxurlar) əlaqə nömrəsi istəyəndə reaksiyalar belə oldu: “Xeyir ola, nə lazım idi ki?”, “Nə üçün istəyirsiz ki?”.
Camaat nədənsə ehtiyat edirdi, hətta bir nəfər ağzından belə söz qaçırdı: “Tapşırılıb ki, hər kəsə əlaqə nömrəsi verilməsin”. Suala sualla cavabların yorğunluğu bu qərara gəlməyə səbəb oldu: Bütün bölgələrdə olduğu kimi, bələdiyyə torpaq, yer satışı, alver missiyasından hələ də əl çəkməyib.
 
Beləcə, istirahət adı ilə getdiyim yerdə qucaq-ucaq suallar yenə məni rahat buraxmadı. Biz Xal-xal şəlaləsini tərk edəndə istirahət mərkəzinin girişində pullu girişə etiraz edənlərin səsi yüksəlirdi: “Şəlaləni dədəsi tikib?”, “Bəlkə birinin cibində pulu yoxdur, ailəsi ilə gəlib, neyləməlidir?”...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də