Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti - üçüncü qrupu avqustun 8-da yerli vaxtla saat 9 radələrində Muğla şəhərinə çatıb.
RegionTV.info xəbər verir ki, yanğın-xilasetmə qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər.
FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi avqustun 5-i səhər saat 06:00 radələrində Türkiyəyə yola düşüb.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.
İyulun 31-də FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.
Xəbəri paylaş