Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan və İraq arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyasının ikinci iclasında iştirak edəcək nümayəndə heyətinin tərkibində Bakıya səfər edən İraqın Gənclər və İdman Nazirliyinin idarə rəisi Akram Naem Attvan Al-Hameedavi ilə görüş keçirilib.

RegionTV.info  xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı nazir müavini İntiqam Babayev qonağı ölkədə gənclərlə iş sahəsində görülən işlər barədə geniş məlumatlandırıb. O, vurğulayıb ki, müstəqil Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi həmin siyasətin nəticəsində gənclər təhsilli, intellektual və vətənpərvər yetişirlər. Babayev qeyd edib ki, məhz bu səbəbdən, İlham Əliyevin rəhbərliyi dövründə yüksək vətənpərvərlik ruhunda tərbiyə olunan gənclər 44 günlük Vətən müharibəsində qalib gələrək xalqımızı tarixi torpaqlarına qovuşdurublar.

Akram Naem Attvan Al-Hameedavi öz növbəsində görüş üçün təşəkkür edərək, Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında rolu olan gəncləri təbrik edib və bu münaqişədə Azərbaycan xalqının haqlı olduğunu, ərazi bütövlüyü barədə BMT-nin bütün qətnamələrini daim dəstəklədiklərini bildirib. Sonra o, qeyd edib ki, iki ölkə arasında ictimai, dini və mədəni baxımdan sıx əlaqələr mövcuddur.Al-Hameedavi müasir dövrdə gənclərin hərtərəfli inkişafı ilə bağlı onlara dəstəyin verilməsinin çox önəmli hesab edərək, İraq xalqının uzun illər üzləşdiyi problemlərin həllində məhz gənclərin müstəsna rolunun olduğunu vurğulayıb.

Daha sonra Babayev iki ölkə arasında gənclər və idman sahəsində 2012-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı daha da fəallaşdırmağı və konkret tədbirlər planı hazırlayaraq canlı və ya onlayn formada yaradıcı gənclərin, gənc alimlərin görüşlərinin keçirilməsini təklif edib. Akram Naem Attvan Al-Hameedavi bu fikri dəstəkləyərək gənclər arasında ünsiyyətin vacibliyini vurğulayıb. O, Azərbaycanın gənclərdən ibarət nümayəndə heyətini İraqda keçiriləcək tədbirlərə qatılmağa dəvət edib.

Görüşdə həmçinin, iki ölkə arasında idman sahəsində əməkdaşlıq da müzakirə olunub. Mütəmadi olaraq, hər iki ölkədə təşkil olunan beynəlxalq idman tədbirlərində qarşılıqlı iştirak edildiyi bildirilib. İraqlı qonaq Azərbaycanın bir çox idman növlərində uğurlarının olduğunu və gələcəkdə bu sahədəki müsbət təcrübənin öyrənilməsi üçün idman federasiyaları arasında daha sıx əməkdaşlıq etmək istədiklərini bildirib.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də