Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunub

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunması ilə əlaqədar tədbir keçirilib.

RegionTV.info  xəbər verir ki, bu barədə institutdan məlumat verilib.

AMEA-nın vitse-prezideni, akademik İbrahim Quliyev İnstitutun “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminovun Coğrafiya İnstitutuna baş direktor təyin olunduğunu elan edib.

Səbəbkarın elmi-təşkilati fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verən akademik qeyd edib ki, Z.Eminov uzun illər Azərbaycanda demoqrafiya məsələləri və urbanizasiyanın inkişafı sahəsində geniş tədqiqatlar aparıb, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənib: "O, Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib. “Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.N.Eminov iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtibçilərindən biri və 17-yə qədər xəritənin müəllifidir.

Z.N.Eminov coğrafiyanın tədrisi və onun geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görüb, böyük həcmli kitablar və dərsliklər hazırlayıb. O, orta ümumtəhsil məktəbləri üçün tədris vəsaiti kimi nəzərdə tutulan iri həcmli “Coğrafiya ensiklopediyası” ikicildliyinin müəllifidir.

Pedaqoji fəaliyyətlə yaxından məşğul olan Z.Eminov Bakı Dövlət və Azərbaycan Pedaqoji Universitetlərində ixtisası üzrə mühazirələr oxuyur, seminar məşğələləri aparır. Hazırda 1 nəfər elmlər doktoru dissertasiyasına, 5 fəlsəfə doktoru üzrə dissertanta, 5 doktoranta elmi rəhbərlik edir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 4 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.

“Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik fundamental əsərin əsas müəlliflərindən biri kimi 2016-cı ildə elm sahəsində Azərbaycanın Dövlət Mükafatına layiq görülüb.

Təqdimatının sonunda İ.Quliyev Zakir Eminovu yeni vəzifəsi ilə əlaqədar təbrik edib və ona bu çətin, məsuliyyətli və şərəfli işdə böyük nailiyyətlər arzulayıb.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də