Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.
RegionTV.info xəbər verir ki, AQTA-dan verilən məlumata görə, reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.
Xəbəri paylaş