Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şabranda Padar avtomobil yolunun yenidən qurulması yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şabran rayonunda Padar avtomobil yolunun yenidən qurulmasının yekunlaşdırmaq üzrədir.

RegionTV.info 
xəbər verir ki, bu barədə qurumdan verilən məlumata görə, söhbət respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-cı km-dən ayrılan və Padar kəndinə gedən avtomobil yolundan gedir.

Sözügedən yol uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.

Padar yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Belə ki, tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb.

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılır.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa uyğun olaraq aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də