Hacıqabulda polis əməliyyat keçirib, saxlanılan şəxslərdən narkotik aşkarlanıb.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Sabirabad rayon sakini, 44 yaşlı Elnur Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 100 qram olan heroin, 30 qrama yaxın “patı” adlanan narkotik maddə-metamfetamin və 30 ədəd “metadon” həbləri aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinən Hacıqabul rayon sakini Nazim Quliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə-heroin aşkar edilib.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Xəbəri paylaş