Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Noyabrın 2-də məktəblər açılmayacaq” - AÇIQLAMA


Ötən gün Azərbaycanda daha 946 koronavirus faktı aşkarlanıb, 7 nəfər isə virus səbəbilə həyatını itirib. Məlum  olduğu kimi, yoluxma sayının artması səbəbilə oktyabrın 19-dan etibarən ölkədə tədris prosesi 2 həftəlik dayandırılıb. Noyabrın 2-dən başlayaraq isə yenidən bərpa edilməsi nəzərdə tutulur.

Maraqlıdır, yoluxma artan templə davam edərsə, tədrisin bərpası mümkün olacaq?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2020-2021-ci tədris ili başlayandan biz Təhsil Nazirliyinin təhsilin əlçatanlığı istiqamətində heç bir addımını görmədik:
“Çox təəssüflər olsun ki, 2020-ci il Azərbaycan təhsili üçün heç də xoş il olmadı. Birinci pandemiya, sonra da müharibə şəraiti tədris prosesinə birbaşa təsir göstərdi. Mart ayında pandemiya səbəbilə dərslər dayananda Təhsil Nazirliyinin addımları nəticəsində müəyyən qədər tədrisin əlçatanlığı təmin  olundu. Amma çox təəssüflər olsun ki, biz bunu 27 sentyabrdan sonra heç görə bilmədik. Təhsil Nazirliyi mart ayından iyun ayınadək çox mükəmməl işlədi. Bu və ya digər vasitələrlə şagirdlər üçün müəyyən qədər tədris sistemi təmin edildi. Amma 2020-2021- ci il tədris sistemi başlayanda biz Təhsil Nazirliyinin şagirdlər üçün təhsilin əlçatanlığı istiqamətində heç bir addım görmədik. Heç bir layihə, proqram hazırlanmadı. 27 sentyabrda müharibə şəraiti ilə əlaqədar internetin verilməsində problem yarandı. Bu səbəblə onlayn dərslər də dayanıb. Eyni zamanda 19 oktyabrdan ənənəvi tədris prosesi dayanıb. Bizim 1.6 milyon şagirdimiz, 185 min tələbəmiz, həmçinin peşə təhsil müəssisəsində təhsil alanlar tədris prosesindən tamamilə kənarda qalıblar. Virusa yoluxanların sayı 900-ü keçib. Bu gedişlə 1000-i də keçəcək. Noyabrın 2-dən başlaması nəzərdə tutulan tədris bu rəqəmlərlə  təbii ki, başlaya bilməz, amma başlamalıdır. UNICEF, BMT, hətta ÜST-nin də verdiyi məlumatlar deyir ki, tədris prosesi dayanmamalıdır. Bu və ya digər formatda təmin edilməlidir. Format da çox rahatdır. Əgər siz ənənəvi formada dərslərə başlamırsınızsa, digər alternativ formanı tətbiq etməlisiniz. Amma Təhsil Nazirliyi bu istiqamətdə heç bir addım atmadı”.
Ekspert vurğulayıb ki, Azərbaycan məktəblisi və tələbəsi onlayn dərslərdə iştirak etmək üçün “Microsoft Teams”, “Zoom” kimi  xarici proqramlardan istifadə edir:
“Bu müddət ərzində Təhsil Nazirliyi özünün bir platformasını yaratmalıydı ki, hər hansı bir problem yarandıqda vəziyyəti idarə edə bilək. İnternet məhdudiyyəti sosial şəbəkələrə və xarici proqramlara qoyulubsa, deməli, biz yeni bir portal yaratmalıydıq və rahatlıqla bütün şagird və tələbələr bundan istifadə etməliydi. İstər müharibə şəraiti bir il davam etsin, biz həmin proqramdan istifadə edə bilərdik. Rəşadətli Azərbaycanın Ordusunun ermənilərə vurduğu zərbənin videolarını izləyə biliriksə, deməli videolar çəkib təhsil üçün yaradılan portala yerləşdirilmək olardı, əgər belə bir şey yaradılsaydı...Təhsil Nazirliyi bu istiqamətdə heç bir iş görmədi. Rahat kabinetlərində oturdular, pullarını aldılar. Təsəvvür edin ki, tələbə ali məktəbə qəbul olub, gedib  təhsil  haqqını ödəyib, amma ona heç bir dərs keçilməyib, niyə keçilməyən dərsin tam şəkildə pulu ödənməlidir? Bu gedişlə magistr tələbəsi təhsil almadan diplomunu alacaq. Bunun ciddi fəsadları olacaq”.
Kamran Əsədov diqqətə çatdırıb ki, əmək bazarına bilik və bacarıqları olmayan şəxslər daxil olacaq:
“Bu problemlərin aradan qaldırılması üçün öz proqramımız olmalı idi. Tədris proqramı dəyişməli idi, heç bir plan olmadı ki, indi biz ondan istifadə edə bilək. Yoluxmalar ona görə baş verdi ki, məktəblərə ciddi nəzarət edilmədi. Sinifdə şagird sayı tənzimlənsə də, valideynlərin qapı arxasında gözləməsi tənzimlənmədi. Biz dedik ki, məktəbli avtobusları təşkil edilsin ki, şagirdlər ayrı avtobuslarla gedib gəlsinlər. Bu tədbirlər görülmədiyi müddətcə, təbii ki, tətilin müddəti də uzadılacaq. Bizim bu dəqiqə elə yaxşı müəllimlərimiz var ki, onlar təmənnasız olaraq evlərində hazırlıq kurslarında pulsuz uşaqlara repititor kimi dərs keçirlər. Bu gedişlə repetitorların fəaliyyətinə də məhdudiyyət gələ bilər. Nə baş versə də, onların fəaliyyətinə məhdudiyyət qoymaq olmaz. Təhsil Nazirliyi işləmədən pul qazanır, pul yeyir. Heç olmasa, kurslar işləsin ki, Təhsil Nazirliyinin görmədiyi işi hazırlıq kursları və repititorlar görsünlər, yazıqdır bu millətin balaları. Mən yenə deyirəm, öz hesabına tətilə gedilirsə, Təhsil Nazirliyi də tətilə getsin, oradakılara maaş verilməsin, onlar işləmədikləri halda niyə maaş alırlar ki? Nə pandemiyada, nə müharibə şəraitində biz onların heç bir normal fəaliyyətini görmədik. Heç bir addım atılmadı. Bu tətilin kompensasiya edilməsi şagirdlərə köməyə gətirib çıxaracaq”.
Həmssöhbətimiz  hesab edir ki, tədris prosesinin hazırkı vəziyyəti davam edərsə, yekunda bizi böyük problem gözləyir:
“Bu rəqəmlər onu göstərir ki, noyabrın 2-də dərslər başlamayacaq. 2021-ci ildə buraxılış və qəbul imtahanları var, indidən bununla bağlı addımlar atılmalıdır. Azərbaycan təhsili bu gün dənizin ortasındakı gəmidir, istiqamət yoxdur. Bizim təhsilimiz başsız atlını xatırladır. Hara getdiyi, nə olacağı, ümidi, proqramı, proqnozu yoxdur. İbtidai sinif uşaqları hərf tanımır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də