“Bildiyim qədər sayları 50-dən çoxdur - beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar”.
RegionTV.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı mübarizə barədə danışarkən bildirib.
“İndi cənab Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) bir amfibiya təyyarəsindən danışdı. Onun da gəlişi ilə təyyarə məsələsində vəziyyətimiz çox fərqli olacaq”, - deyə Türkiyə prezidenti qeyd edib.
Rəcəb Tayyib Ərdoğan digər ölkələrin də dəstəyindən danışıb:
“Rusiyanın 5 təyyarə və 3 helikopteri yanğına qarşı mübarizəni davam etdirir. İran, Ukrayna, Xorvatiya təyyarə göndərib”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.
İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.
Xəbəri paylaş