
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlham Cəfərovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kq 510 qram çətənə kolu və 0,690 qram qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ.Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd həmin avtomata məxsus daraq, 1 ədəd susturucu və 1 088 ədəd 5,45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.





