RegionTV.info
“Azərbaycan xalqı dünyaya bir daha göstərdi ki, o, bütün çətin anlarda Türkiyənin yanındadır. Qürurverici haldır! Bu, eyni zamanda Türkiyənin və Azərbaycanın düşmənlərinə bizim dostluğumuzun möhkəm qranit əsaslar üzərində qurulduğunu təsdiq edən mesajdır”.
Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin operativ qəbul etdiyi qərarlar nəticəsində, Türkiyənin ekoloji faciəsində ilk yanında olan dövlətlərdən olub: “Bununla da, qardaş Türkiyəyə olan doğma münasibətimizi bir daha göstərmiş olduq. Bu günlərdə istər yanğınsöndürmə prosesində iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, istərsə də 10 milyonluq Azərbaycan xalqı sosial şəbəkələr vasitəsilə öz dəstəyini əsirgəmir. Xalqımız Türkiyənin Qızıl Ay Cəmiyyətinin xətti ilə öz maddi dəstəyini göstərir, həmçinin müxtəlif ağacəkmə kampaniyalarında iştirak edirlər. İki qardaş dövlət arasındakı münasibət də məhz belə olmalıdır. Türkiyə də Azərbaycanın ən önəmli günlərində, ikinci Qarabağ müharibəsində yanında olub. Bu iki dövlət arasındakı münasibətlər təbii müttəfiqliyə söykənir. Müttəfiqliyin tarixi əsasları var. Biz 100 il bundan əvvəl də bir-birimizin yanında olmuşuq. Məsələn, vaxtilə Bakının azad olunmasında türk ordusunun tarixi missiyası olub, həmçinin Çanaqqala döyüşlərində neçə- neçə Azərbaycan əsgəri şəhid olub. Bütün bunlar maddiyyata söykənmir”.
Xəbəri paylaş