Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qadın xəyanəti bilərəkdən edir" — Tanınmış psixoloqla MÜSAHİBƏ

RegionTV.info-nun  müsahibi  psixoloq Samirə Bağırovadı. Onunla qadın kişi münasibətlərinin gizlinləri, uşaqların niyə cinsi istismara məruz qalması, psixoloji travmaları barədə söhbət etdik 

- Samirə xanım, psixoloq kimi fəaliyyətinizdən danışaq. Neçə ildir bu sahədəsiz?

- Bir neçə istiqamətdə təhsil almışam. İlk təhsilim Bakı Qızlar Universitetinin filologiya fakültəsi üzrə idi. Sonra Milli Aviasiya Akademiyasına qəbul oldum. Valideynlərim o istiqamət üzrə təhsil almağımı istədilər. Daha sonra təsadüfən Azərbaycan Turizm və Menecment Universitetinə daxil oldum. Rəfiqəm sənəd verirdi. Dedi, mənlə gedək. Mən də onunla bir yerdə sənəd verdim, xəbər gəldi ki, qəbul olmuşam. Müxtəlif sahələrdə çalışmışam. Bunların hamısı mənim üçün böyük bir təcrübə oldu. Düşünürəm ki, psixoloq olmaqdan ötrü həyat təcrübəsi mütləqdir. Nə yaxşı ki, onları keçmişəm. Baxın, aviasiya sahəsində çalışmağımın özü ayrıca böyük bir məktəb oldu. Təyyarə bələdçisi kimi xarici ölkələrə uçurdum. Yüksək dövlət məmurları ilə, hətta cənab prezidentin özü ilə də uçmaq nəsib olub.

- Neçə il fəaliyyət göstərdiniz?

- Bələdçi kimi 10 il. İmtahan vermək üçün London, Litva, Latviyaya gedirdik. Biz imtahanı onlara verirdik. İndi bir az başqa sistemdi. Müəyyən müddətdən sonra qərar verdim ki, artıq bəsdi, uçmaq istəmirəm. Təyyarə bələdçisi olanda insanlarla işləyirsən, bədən dilini bilməlisən. Burada həm psixoloqsan, həm təhlükəsizlik xidməti, həm həkim, hərtərəfli olursan. Sərnişinin artıq baxışından, oturuşundan bilməlisən ki, necə insandı. İşdən ayrılandan sonra klinikaların birində sağlıq turizmində çalışdım.

Belə deyək, insanın fərdi inkişafı deyilən bir şey var. Hər dəfə nədəsə özünü axtarırsan. Bəzən deyirlər ki, bir sahəni tut, axıra qədər get. Bu fikirlə razı deyiləm. Olur ki, bir də görürsən ki, pik həddə çatırsan. Amma sən özünü daha üstün görürsən. Standart bir şey mənə görə deyil. Xoşlayıram ünsiyyətdə olum, problemləri çözüm. Qərar verdim ki, sahəmi dəyişim. Hamı onsuz da deyirdi ki, psixoloqluq sənə yaraşar. İlk olaraq uşaq psixologiyasından başladım. Sonra böyüklərlə işləmək mənə maraqlı gəldi. Ankaraya getdim. Burda müxtəlif konfranslara, kurslara qatılırdım. Ankarada məşhur psixatirik xəstəxanada professor Ertoğrul Koroğlunun yanında təcrübə keçdim. Bakıya gəlib işə başlayanda gördüm cinsi tərbiyədə böyük bir boşluq var. Heç kim bu haqda danışmır. Hamıda bir kompleks var və çox qəribə bir psixologiyada yaşayırıq. Psixoloqsansa eynək, köynəkdə olmalısan, ciddi bir görkəm almalısan. Dedim ki, mən danışacam. Cinsi tərbiyə üzərindən başladım. Bu boşluğu insanların nəzərinə çatdırmaqdan ötrü keçdim ər-arvad münasibətlərinə. Və belə-belə video çıxışlarım yayıldı. Psixologiyaya bu cür gəldim, tanındım.

- Son illər statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı artır. Burada qadınlar kişiləri günahlandırır, kişilər də qadınları. Yaşlı nəsil texnologiyanı. Boşanmanın səbəbi qadın, kişi, ya sosial şəbəkələrdi?

- Ömrü boyu qadınlar kişiləri günahlandırır, kişilər də qadınları. Texniki inkişaf çox sürətlə gedir. Onun da təsiri var, çünki əvvəllər müqayisələr, seçimlər az idi, nəyə görə? İnternet yox idi. Hamı işi ilə məşğul idi. Xəyanətlər olsa belə, ortaya çıxmırdı, gizli qalırdı. Xəyanət həmişə olub. Sadəcə, bu dərəcədə şişirdilmirdi. Niyə? Çünki müqayisə ediləcək biri yox idi. Hamı başını aşağı salıb öz işi ilə məşğul olurdu, əlində olanla kifayətlənirdi. Amma indi müqayisələr çoxalıb. Əsasən qadınlar daha çox müqayisə edir. Kişinin xoşbəxt olması üçün nə lazımdı? İş, işdən qazandığı pul, dostu və sevdiyi qadın. Amma qadının xoşbəxt olmaq üçün sevdiyi oğlanla görüşür, bir müddətdən sonra evlilik istəyir. Evlilikdən sonra uşaq, uşaqdan sonra filankəsin uşağı filan məktəbə gedir, bizimki niyə getmir, filankəs arvadına filan şey aldı, niyə məndə də yoxdu. Müqayisə o qədər olur ki… Üstəlik, bizdə müdaxilələr çoxdu. Qayınana, qayınata, qızın anası, atası, baldız, qayın… Sonda yenə də gələcəyik cinsi tərbiyənin üzərinə. Pandemiya dövründən boşanmaya ən çox cinsi uyğunsuzluq səbəb kimi göstərildi.

- Uzun müddətli evliliklərdə də boşanmalar müşahidə olundu.

- Hətta mən sizə deyim ki, əvvəllər cavanların boşanmağı çox idi. Sərt karantində özüm də təəccüb etdim. 20 ilin evlilikləri dağılırdı, deyirdilər dözə bilmirik. Və cinsi uyğunsuzluq. Yəni, sən indiyə qədər bilmirdin? Bu vaxta qədər başı qarışıq idi, yorğunluq, yola vermələr, pərdələr var idi. Artıq evdə oturanda diqqətə varır ki, sən demə, indiyə kimi normal yaşamayıb. Qadınla kişinin arasında hər şey açıq danışılsa, söz-söhbət olsa da, inanın müdaxilələr, müqayisələr, onların heç biri, ərlə-arvadın özünə qalsa, boşanma səbəbi olmayacaq. Çünki hara hərləsən də, fırlasan da gəlib həyat yoldaşı ilə bir yataqda yatmalıdır. Orada onlar bir-birilərini başa düşürlərsə, istər qaynana, qayınata gəlsin, özləri küsüb özləri də barışacaqlar. Ailələrdə o qədər böyük pərdələr, sərhədlər var ki.... Ona görə də həmişə bir-birlərini günahlandırırlar.

- Pandemiya vaxtı həm də xəyanətlərin üstü açıldı. Xəyanəti bağışlamaq olar? Müasirləşən cəmiyyətdə qadınlar, ya kişilər daha çox xəyanətə məruz qalır?

- Yenə də kişilər daha çoxdur. Biz də ümumiyyətlə, qızı ərə verəndə “dözməlisən” sözü var. “Mən necə dözmüşəm, sən də dözüb oturmalısan”. Xəyanəti bağışlamaq individual, fərdi yanaşmadı. Mən ola bilər ki, elə bir, psixologiyada, ailə ortamında böyümüşəm ki, bağışlayaram, amma sizin tərbiyə aldığınız mühit tamamilə başqadı və bağışlamazsınız. Sizin bağışlaya biləcəyinizi mən bağışlaya bilmirəm. Ailə burda böyük rol oynayır. Məsələn, ərəblərdə necədi, kişinin bir neçə həyat yoldaşı olmasına normal baxırlar. Onlar artıq elə bir psixologiyada böyüyüblər. Mən durum deyim ki, bağışlamaq olar, ya olmaz, bu, qürur məsələsidi. Kimsə nəyəsə görə “uşaqlarım var” deyib dözəcək. Amma bir şey deyim də, xəyanət sözünün özü də ağırdı axı. Bir qadın kişi tərəfindən xəyanətə uğrayırsa, orda da bir şeylər sınıb artıq. Özünü bir qadın kimi basdırıb. Nəyəsə rəğmən yaşamağa davam edir.

- Uşağa görə ailəni sənəd üzərində davam etdirmək doğrudur?

- Ona görə deyirəm, fərdi bir yanaşmadı. İnsan var ki, özü deyir ki, ayaqlarım üstə duracam və xəyanəti bağışlamır. Bu bunun psixologiyasıdı. Bu bu cür böyüyüb, bu cür görüb. Artıq formalaşmış bir şəxsiyyət, xarakteri var. Amma qadın da var ki, məsələn, uşağı bəhanə edir, öz maddi tələbatını ödəyə bilmir. Məsələn, gəlirlər, ərim mənə xəyanət edir, amma mən ayrıla bilmərəm, uşağımın təhsili var, bahalı məktəbdə oxuyur, işləyə bilmərəm, illərlə işləməmişəm, nəyəsə rəğmən dözür. Qurbana çevrilir.

- Hansı həddə qədər bağışlanandı?

- Deyirlər ki, bir dəfə edibsə, bir də edəcək. Yox, belə olmur çox vaxt. O qədər bura gələn insanlar var ki, bir dəfə xəyanət edib və peşman olub. Kişi xəyanəti çox vaxt təsadüfi olur. Ya içkili olur, acıqdan və yaxud da elə bir məclisə düşə bilər ki, təsadüfdən olur. Belə hallar olur. Bu kimi xəyanətlər çox az halda təkrarlanır. Amma qadın xəyanəti dərk edərək,  bilə-bilə edir. Necə? Yoldaşının xəyanətini bilir və acığa edir. Çünki bir qadın xəyanətə məruz qalanda həmən öz güvən aşağı düşür, özünü digər xanımlarla müqayisəyə edir. Görəsən, mən də nə elə deyil, ya da özünü qiymətləndirmə səviyyəsi sıfıra düşür. Və xəyanətlə bir növ qisas alır, açıq verir. Daha sonra qadınlarda 40 yaş sindromu var. Əslində bu kişilərdə də var. Ki, əvvəlki kimi deyiləm, əvvəlki cavanlığım, enerjim yoxdu. Özünə nəyisə sübut eləməkdən ötrü nəsə addım ata bilər ki, sonu peşmanlıqla nəticələnə bilər. Qadın xəyanətlərinin çoxu peşmanlıqla bitir.

- Samirə xanım, qadınının xəyanətini bağışlayan kişi hər zaman qınanılır. Praktikanızda bu kimi halla rastlaşmısınız və bağışlayan kişini qınamaq doğrudurmu?

- Birini mühakimə etmə, özün də mühakimə olunacaqsan, məsəli var. Burada insan faktorudu, kişi-qadın məsələsi deyil. Gözə görünməyən tellər var. Həmişə deyirəm, bu tellər ən güclü tellərdir. Bir kişinin qadını xəyanət edirsə, mütləq şəkildə orada bir kişi boşluğu var. Ya həddindən artıq özünü işə verib, ya həddindən artıq xəyanətlər edib və qadın bilir. Bundan əlavə, qadağalar, sıxma-boğmalar, olmazlar, fikrini önəmsəməmək  də qadını xəyanətə vadar edə bilər. Həmişə gələn kişilərə deyirəm ki, xanımınızın qulağını boş saxlamayın. Qadının qulağı gözəl sözlərlə, əzizlənmələrlə dolu olmalıdır. Hər bir qadın xoş söz eşitmək istəyir. Ev işi nə nədər görəcək. Gördü qurtardı, vəssalam da, axı nələrsə istəyir. Zəng edir ki, nəsə xoş jest hiss etsin. Cavab, “məşğulam”. Dəfələrlə mənim yanımda ailələr olub ki,  qadın kişiyə xəyanət edib. Qınamaq da olmaz, hər ikisi insandır. Hətta mən sizə deyim ki, ola bilər cəmiyyət içində günahı qadında görələr, amma özləri deyirlər ki, “bilirəm ki, mənim günahımdan olub.” Məsələn, biri hətta boynuna alırdı ki, mən çox döymüşəm, həddindən artıq şiddət göstərmişəm, hicaba keçməsinə məcbur etmişəm. Birini tanımaq istəyirsənsə, boş burax və kənardan izlə. Sən nə qədər onu sıxsan, əksinə, neqativ vəziyyətlər görəcəksən. Mən maksimum dərəcədə çalışıram barışdırım. Bakıdakı iş fəaliyyətimdə bircə dəfə olub ki, heç bir şəkildə barışığa razı olmayıblar. İkinci şans hamıya lazımdı. İnsan səhv edər,  biz başqa səhvlər edirik və deyirik ki, təkrar etməyəcəm. Özümüz özümüzə şans veririk axı. Bir qadın xəyanət edirsə, bir kişi düşünsün ki, mənim qadınım niyə xəyanət edir.

- Bölgələrdə vəziyyət necədi?

- Həftədə bir dəfə bir bölgə seçirik. Şamaxıda olduq, Şəkidə olmalıyam, sonra Masallıda olacağıq. Maarifləndirici, ödənişsiz şəkildə seminarlar təşkil edirəm. Qohum, dost evə gələrkən, nələrdə ehtiyatlı olmalısan, uşağa necə nəzarət olunmalıdır, valideynlər azyaşlılarda, uşaqlarda, yeniyetmələrdə nəyi bilməlidi. Bölgələrdə cinsi istismarlar, təcavüzlər, bilirsiz, o qədərdir… Orta yaşa gəlib çatıblar, danışırlar uşaq vaxtı dayım, əmim məni istismar elədi, əmim elədi. Demək olar ki, hər gün belələrini qəbul edirəm. Çıxdım ki, cinsi tərbiyədən danışmağa və sanki onların dərdini yenidən tərpətdim.

Uşağı adicə marketə göndərmisiz, içəri girəndə uşaqla göz kontaktı qurun, bu mütləqdir. Hansı abı-havada içəri girir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də