Bir neçə gündür Türkiyədə davam edən meşə yanğınları turizm bölgələrinə ciddi ziyan vurub.
RegionTV.info xəbər verir ki, Bodrum, Marmaris kimi məşhur kurort zonalarında istirahət edən turistlərin xeyli hissəsi başqa otellərə təxliyyə edilib. Həmin ərazilərdə istirahət üçün əvvəldən yer bron edənlər isə tərəddüd içərisində qalıblar. Bu zaman belə bir sual yaranır? İstirahətə gedib, lakin başqa mənzərə ilə qarşılaşan turistlərə dəyən zərər necə qarşılanacaq?
Bu haqda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov bu zərərin turistlərin istəyinə uyğun olaraq məlum ərazilərdə yerləşən otellərdən başqa mehmanxanalara köçürülməklə kompensasiya edildiyini bildirib:
“Biz hər gün həmin tur-operatorlarla əlaqə saxlayırıq. Son məlumatlara görə, hər hansı bir tur biletinin qaytarılması prosesi baş verməyib. Yanmış ərazilərə çox yaxın yerlərdə olan turistlər tur-operatorlara müraciət edərək ya səfərlərinin vaxtını, ya da otellərini dəyişiblər. Operatorlar isə onlara lazım olan bütün dəstəyi göstərirlər. Nəticədə turistlər bu səfəri qaldıqları yerdən həyata keçirməyə davam edirlər. Hazırda oradakı turistlərin qlobal problemlə üzləşməsi an məsələsi belə deyil.
Biz Bodrumda yanğın olan ərazilərə yaxın 5 ulduzlu otellərlə, hətta turistlərlə də əlaqə saxladıq. Məlum oldu ki, həmin otellərdəki insanlar oradan evakuasiya olunaraq başqa otellərə köçürülüblər. Yanğın söndürüldükdən sonra isə yenidən onlar öz otellərinə qaytarılıblar. Çünki qlobal olaraq otellərə ziyan dəyməyib. Onların yanında olan meşələrə ziyan dəyib. Buna görə də biz oradakı turistlərlə də əlaqə saxladıq. Onlar əvvəl qaldıqları otelə qayıtdıqlarını və istirahətləri bitmədən ölkələrinə qayıtmaq fikirləri olmadığını bildiriblər. Düzdür, elə turistlər də var ki, o ərazilərdə tüstü çox olduğundan onlara müəyyən köməkliklər də göstərilib”.
Ekspert onu da bildirib ki, hər hansı bir turist xaricə səfər etmək üçün əvvəldən yer bron edirsə və həmin yerdə hər hansı bir təbii fəlakət baş verərsə, ya tur-operator onu istəyi ilə başqa otelə transfer edir, ya da turistin turizm şirkətinə ödədiyi ödəniş geri qaytarılır.
Xəbəri paylaş