Ermənistanda hakim partiyanın millət vəkillərinə Rusiyaya qarşı bəyanatlar verməkdən çəkinmək tapşırılıb.
RegionTV.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Məlumata görə, həmçinin bu millət vəkillərinə Rusiya-Ermənistan əlaqələrinin daxili məsələləri barədə danışmamaq barədə göstərişlər verilib.
Qeyd edilir ki, bu hüquqa ancaq ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sahibdir. Bildirilir ki, N. Paşinyan demək istədiklərini Rusiyaya “diplomatik yolla çatdırır”.
Xatırladaq ki, adıçəkilən qəzet daha əvvəl yaydığı məlumatda Nikol Paşinyanın xarici siyasətinin kursunu dəyişdiyini, ölkədə vacib vəzifələrə antirusiya mövqeyə sahib şəxsləri təyin etməyə başladığını yazmışdı. Yazıda deyilirdi ki, Paşinyan Vaqarşak Arutyunyan kimi Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdıraraq onların yerinə Qərb mərkəzləri tərəfindən idarə olunan, həmçinin düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri təyin edir.
Xəbəri paylaş