"Türkiyədə baş verən meşə yanğınlarının qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən yardım göndərilməsi iki ölkə arasındakı qardaşlığın möhkəmliyini bir daha təsdiq edir. Bu, bizim qardaşlıq borcumuzdur".
RegionTV.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olduğu kimi, bu gün də bərabərdirlər: "Dostluq, qardaşlıq həmişə dar gündə sınanır. Türkiyə meşələrində baş verən yanğınlarla bağlı müəyyən gərginliklər var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Türkiyəyə lazımi köməkliklər göstərmək üçün tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyinin 500 nəfər əməkdaşı yardım üçün hazırlanıb, onların 100 nəfəri isə Türkiyəyə yollanıb. Bundan başqa, yardım üçün yanğının qarşısının alınması məqsədilə müxtəlif texnikalar, helikopterlər və lazım olan digər avadanlıqlar da qardaş ölkəyə göndərilib. Yəqin ki, yaxın gələcəkdə yanğından ziyan çəkmiş ərazilərin bərpası və vətəndaşların vəziyyətinin yaxşılaşdırılması üçün də Azərbaycan dövləti imkanı daxilində humanitar yardım göstərəcək. Bu, bizim qardaşlıq borcumuzdur. Ümid edirik ki, bu təbii fəlakət tezliklə başa çatar".
Qeyd: Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.
Xəbəri paylaş