Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində fəaliyyət göstərən vəzifəli şəxs Şahverdiyev Rəşad Sabir oğluna məxsus “Xoşbəxt məkan” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğunu aşkar edib.
RegionTV.info xəbər verir ki, AQTA-dan verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masa arxasında 8 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
Xəbəri paylaş