RegionTV.info
“Bir ehtimal daha vardı,
Fəlakət oldu.
Getmə, getmə,
getmə, qal bu şəhərdə"
Keçmiş mədəniyyət nazirimiz Əbülfəs müəllimin hava limanından geri qaytarılması xəbərini oxuyan kimi gözəl şairimiz Vaqif Bəhmənlinin o klassikaya dönmüş şeirini xatırladım. “Əbülfəs müəllim, dilinə qurban” misrasıyla başlayan sənət əsərini şair hazırda yəqin bu cür yazardı: “Əbülfəs müəllim, yoluna qurban, Aeroportdan səni buraxmayanlara ar olsun, Bəlkə sənə görə açılır səhər, Türmədəki müavinlərindən salam var”. Düzdür, şeir bütün poetik qayda-qanunların pozulmasıyla yazıldı, ancaq nə edək? Belə vəziyyətin şeiri də elənçik olar. Möcüzə icad eləmək şərtləri vacibdir.
Mədəniyyət naziri teması açılmışkən, başqa keçmiş mədəniyyət nazirimiz Polad müəllim Rusiyada səfirdir və bu yaxında səfirlərin dəyişməsi kampaniyası olanda qəzetdə sual qoyulmuşdu ki, görəsən onu niyə geri çağırmırlar (bu da bizim mədəni problemdir ki, elə adam var ölkəyə girə bilmir, elə adam var çıxa). Doğrudan da Polad müəllim 15 ildir Moskvaya elçi gedibdir, yalan olmasın, knyaz Yuri Dolqoruki-nin vaxtından oradadır. Biz onu əvəz eləmək üçün Rusiyada tanınan başqa müğənni tapmalıyıq, mən təklif edirəm Sərxan Sərxan olsun. Neçə ildir Moskvadadır. Üstəlik, rayonlularla düşməndir, bu isə bizdə əsl diplomatik keyfiyyət sayılır.
Polad müəllimin diplomatik uzunömürlülüyü mənə 90-cı illərin “Çeşmə” qəzetindəki bir lətifəni xatırlatdı: “Azərbaycanda prezident seçilənlər 3 şeyə and içirlər: Qurana, konstitusiyaya və Polad Bülbüloğlu ilə Allahşükür Paşazadəni işdən çıxarmayacaqlarına”. Doğrudan da Polad müəllim 28 il nazir oldu, mədəniyyətimizi zirvələrə qaldırdı. O qədər yüksəyə ki, indiyəcən mədəniyyətimiz duman içində görünmür.
Sözgəlişi, həmin silsilədən şeyximiz işini daha ehmallı tutdu, bir gün özünü ömürlük şeyx elan elədi, söhbətin başını bağladı. Yaxşısı da elə budur. Yoxsa nə qədər vəzifədə gözü olan var.
Müzakirələr zamanı ekspertlərdən biri Polad müəllimi “uğurlu səfir” adlandırmışdı. Mən də bu fikri bölüşürəm, məsələn, ən azından ruslar keçən ilki davaya gec qarışdılar, indiyəcən ermənilərdən söyüş eşidirlər. Bircə ona ümid eləyək ki, Polad müəllim “Qələbəmizdə patriarx Kirill-in fətvası rol oynadı” açıqlaması verməsin. Hələ o biri əbədinin quşlamasının tozanağı yatmamışdır, zərərimizə olar.
Hərçənd insaf yaxşı şeydir, gedişat göstərir ki, Rusiyanı nə qədər “erməni yanlısı” saysaq da, Qərb dairələri saman altından su yeridir. Ya da bir qədim pritçada deyilən kimi, şeytan özü uzaqdadır, ancaq barmağı eşşəyin quyruğu altındadır. Yoxsa düşmən keçənilki zopalanmadan sonra indi Kəlbəcər tərəfdə niyə soncuqlayır? Ardıcıllığa diqqət edin. Keçən ilin noyabrından bəri atəşkəs rejimi demək olar pozulmurdu. Yalnız orada-burada yüngülvari itələşmə, süpürləşmə olardı, atəş açılmazdı. Lakin qəfildən Avropa Birliyindən sədr Şarl Mişel gəlir İrəvana, ermənilərə 2 milyard yarım avro yardımı verib rədd olur gedir. Sanki 30 ildə xaraba qoyulan yurdlar bizdə yox, Ermənistanda imiş. Ondan az sonra isə ABŞ-ın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəlir. Və dərhal, səhərisi atəşkəs ciddi şəkildə pozulur, hər iki tərəfdən ölənlər, yaralananlar var. Komplo nəzəriyyələri qurmaq istəmirəm, ancaq çox şübhəli hərəkətlər və ardıcıllıqdır. Bu üç istiqamət - Rusiya, Qərb və Avropa Qafqazda dəllallıq elədikcə sülhün ucu da görünməyəcək.
İndi gözləyək, görək ATƏT-in Minsk Qrupu Əbülfəs müəllimin aeroportdan qayıtmağına nə münasibət bildirəcəkdir.
Xəbəri paylaş