Güclü musson yağışları səbəbindən Hindistanın şimalında azı 5 nəfər ölüb, daha 50 nəfərədək insan itkin düşüb.
RegionTV.info xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.
Leysan səbəbindən Cammu və Kəşmir ittifaq ərazisinin Honzar Daççan kəndində azı 4 nəfər ölüb, daha 40 nəfərin taleyi naməlumdur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, leysan və suyun qalxması nəticəsində kənddə 8 evi su aparıb. Əraziyə xilasetmə komandaları cəlb edilib. Yaralılar HHQ-nin heliopterləri ilə təxliyə edilir.
Leysan digər şimal ştatı olan Himaçal-Pradeşdə də 1 nəfərin həyatına son qoyub, daha 10 nəfər itkin düşüb. Məlumata görə, su yerli şirkətin fəhlələrinin qaldığı 2 çadırı aparıb. Güclü su axını axtarış işlərinin aparılmasına mane olur.
Xatırladaq ki, Hindistanda musson yağışları dövrü başlayıb. Ölkənin müxtəlif yerlərindən təbii fəlakətlərlə bağlı xəbərlər daxil olur. Belə ki, Maharaştra əyalətində son günlər ərzində yağan güclü yağışlar və sel səbəbindən ölənlərin sayı 190-i nəfəri ötüb.
Xəbəri paylaş