RegionTV.info
İki rayonda oğurluq hadisələri baş verib. İsmayıllıda elektron qolbaq daşıyıcısı olan şəxs 18 min manatlıq oğurluq edib. Tərtərdə isə rayon sakinləri mal-qara oğurlayıblar.
Elektron qolbaq daşıyan şəxs oğurluq edib.
İsmayıllı rayonunun Qalagah kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 18 min manat nağd pulun və qızıl-zinət əşyalarının oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin həmkəndliləri, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən İlqar Zeynalov və əvvəllər məhkum olunmuş Xəyal Məmmədov şübhəli şəxs qismində saxlanıblar.
Araşdırma zamanı həmin şəxslərin oğurluq etdikdən sonra Bakı şəhərinə getdikləri və cinayət yolu ilə əldə etdikləri pulun bir qismini orada öz əyləncələri üçün xərclədikləri məlum olub.
Tərtərdə də oğurluq edən şəxslər saxlanıblar. Rayonun Hacıqərvənd kənd sakini Qurban Əliyev Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Anar Məmmədov və Razi Aslanov saxlanıblar.
Araşdırmalarla onların oğurladıqları iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə satdıqları aşkar edilib. Polis əməkdaşları oğurlanmış mal-qaraların yerini müəyyən edərək sahibinə təhvil verib. Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar davam etdirilir.
Xəbəri paylaş