Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Prezident İlham Əliyevin vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən Bakıda təmirə ehtiyacı olan küçə və yollarda kompleks tədbirləri davam etdirir.
RegionTV.info xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən paytaxtın Nizami rayonunda 5 küçədə təmir işləri icra olunaraq yekunlaşdırılıb, daha 2 küçədə isə davam etdirilir.
Belə ki, Nizami rayonunda ümumi uzunluğu 5.5 km olan 7 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir-çoxunda bu işlər ica olunub. Bu Rizvan Teymurov küçəsinin 1 200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin 600 metr uzunluğa malik hissələridir.
Hazırda Nizami rayonu üzrə Cəmşid Naxçıvanski küçəsi 1000 metr, həmçinin Bəhruz Nuriyev küçəsinin 900 metr uzunluğa malik hissələrində əsaslı təmir işləri aparılır.
Rahat gediş-gəlişin təmin olunması istiqamətində hər iki küçədə agentlik tərəfindən aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
Aparılan təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı küçələr boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Qeyd olunan küçələrdə təmir işləri tərtib olunmuş qrafikə uyğun, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Xəbəri paylaş