Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
RegionTV.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin Sədri qonaqları səmimi salamlayaraq Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Sahibə Qafarova deyib ki, xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır.
Görüşdə Sahibə Qafarova söyləyib ki, tarixi dostluq, strateji tərəfdaşlıq əsasında qurulan əlaqələrimiz bu gün yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər, mütəmadi təmaslar əlaqələrimizin daha da genişlənməsinə və inkişafına xidmət edir. Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək bunun bariz sübutudur.
Spiker daha sonra hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında münasibətlərə toxunaraq deyib ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da əsaslı töfhələr verir.
Sahibə Qafarova Azərbaycan və Türkiyənin qanunvericilik orqanları arasında da əlaqələrin daim inkişaf etdiyini vurğulayaraq, Milli Məclisin fəaliyyəti, ölkəmizdə yeni siyasi konfiqurasiyada parlamentdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş ölkəmizə səfərlərindən və burada keçirilən görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın qazandığı tarixi Zəfər münasibəti ilə təbriklərini çatdırıb. Bildirilib ki, 30 il ərzində erməni işğalına göz yuman beynəlxalq qurumlar problemin həlli istiqamətində konkret addımlar atmayıb. Azərbaycan öz gücü ilə torpaqlarını Ermənistanın işğalından azad edib. Bu Zəfər təkcə azərbaycanlıları deyil, onların Türkiyəli dostlarını da qəlbən sevindirib.
Qonaq təmsil etdiyi partiyanın YAP-la əlaqələrindən söz açaraq tərəflərin birgə həyata keçirdikləri layihələrdən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.
Xəbəri paylaş