Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Pakistan Milli Məclisinin sədri Əsəd Kaiser və parlament heyəti ilə birlikdə İstanbul Hava limanından Bakıya səfər ediblər.
RegionTV.info xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, səfərdə məqsəd Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçlü formatda Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.
Parlament sədrlərinin iyulun 27-də keçiriləcək görüşündə Bakı Bəyannaməsinin imzalanma mərasimi də olacaq.
İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. M.Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini də ziyarət edəcək.
İyulun 28-də TBMM sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək.
M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.
Xəbəri paylaş