“Azərbaycan və Serbiya münasibətlərinin əsasında suverenliyə hörmət, beynəlxalq sərhədlərin tanınması prinsipi dayanır. İnanırıq ki, əməkdaşlığımız bu istiqamətdə inkişaf edəcək”.
RegionTV.info-nun məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazirlər görüş zamanı gündəlikdə duran ikitərəfli məsələlərin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildiriblər.
Bundan başqa, Serbiyanın Qoşulmama Hərəkatı çərçivəsində xüsusi rolu vurğulanıb. Ceyhun Bayramov təşkilatın ilk iclasının Serbiyanın paytaxtı Belqrad şəhərində keçirildiyini xatırladıb. Bu səbəbdən, Qoşulmama Hərəkatının 2021-ci ilin oktyabr ayına planlaşdırılan yüksək səviyyəli iclasını Serbiya və Azərbaycan birlikdə təşkil edəcək.
Serbiyanın xarici işlər naziri öz növbəsində, Azərbaycan tərəfinin Qoşulmama Hərəkatının hazırkı sədri olaraq, Serbiya tərəfindən irəli sürülən, təşkilatın ilk iclasının 60 illiyinin birlikdə Belqradda qeyd edilməsi təşəbbüsünü dəstəkləməsi faktını yüksək qiymətləndirib.
Xəbəri paylaş