İyulun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 292 toy şənliyinin monitorinqini həyata keçirib.
RegionTV.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 204 şadlıq sarayında, 88 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;
- 132 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 6 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;
- 2345 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xəbəri paylaş