Xəbər verdiyimiz kimi, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
RegionTV.info səfirin tərcümeyi-halını təqdim edir:
Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.
1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.
O, əmək fəaliyyətinə 1990-1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi, 1996-2000-ci illərdə Bakı hərbi prokurorunun köməkçisi, 2000-2001-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycanın Rusiya səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq hüquq məsələləri şöbəsinin müdiri işləyib.
R.Məmmədov 2010-2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu, 2015-ci ildən bu təyinatadək Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub.
Rəşad Eynəddin oğlu Məmmədov ingilis və rus dillərini bilir. Evlidir, üç övladı var.
Xəbəri paylaş