Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kapitanı azərbaycanlı olan gəmi 32 suriyalı miqrantı xilas etdi - VİDEO

İyulun 22-də Malta bayrağı altında Aralıq dənizində üzən, kapitanı milliyyətcə azərbaycanlı Rafiq Əfəndiyev olan “Aral” tankeri 32 suriyalı miqrantı xilas edib.

RegionTV.info-nun  məlumatına görə, bu barədə  kapitan bildirib ki, xilasetmə əməliyyatı Krit adasının 70 mil cənub-şərqində baş tutub:

“İyulun 22-si idi. Aralıq dənizində şimal-qərbdən gələn 7-8 bal gücündə fırtına var idi. Bakı vaxtı ilə saat 13:40-da məni “Olympia” radiosundan çağırdılar. Xarici ölkələrarası təcili yardım üzrə dənizdə xilasetmə ofisi ilə əlaqəyə keçdim. Onlar bildirdilər ki, bizdən 18 mil şimal-qərbdə bir qayıq qəza siqnalı verib və biz təcili həmin əraziyə getməliyik. Xəbəri alan kimi kursu dəyişmək əmri verdim. Təxminən iki saata qəza siqnalı verən qayığa çatdıq. “Rahvan” adlanan pirat qayığının üzərində Türkiyə bayrağı asılmışdı və onun Türkiyəyə məxsus olduğu iddia edilsə də, bu, elə deyildi.

Yaxtada olan qaçqınlar əsasən suriyalılar idi. Həmçinin onlar arasında iki İran, bir Fələstin vətəndaşı da var idi.

Xilas etdiyimiz insanlar heç özləri qayıqda neçə nəfərin olduğunu bilmirdilər. Biri 45, digəri 48 adam olduğunu söylədi. Mən təcili xilasetmə ofisinə 45 nəfər olduğunu və 32 nəfəri xilas etdiyimizi bildirdim. Miqrantların sözlərinə görə, altı nəfəri hansısa helikopter xilas edib. Bir nəfəri isə alman tankeri xilas edib və onu yunan helikopteri Krit adasına aparıb.

Biz 32 nəfəri xilas etdikdən sonra təxminən Yunanıstan vaxtı ilə 19:00-da daha bir saat axtarış-xilasetmə əməliyyatlarını apardıq. Sağ qalan tapmasam da iki qadın cəsədi aşkar etdim. Daha sonra kursu Krit adasının “IEREPETRA” limanına doğru dəyişdim. Artıq iyulun 23-ü saat 03:00-da miqrantlar sağ-salamat adaya çatmışdılar”.

Kapitan qeyd edib ki, sahilə çıxarılan qaçqınlara isti içki və qida verilib, yaralı olanlara ilkin tibbi yardım göstərilib: “Təxminən üç saat sonra, yəni səhər saat 06:00-da Krit adasının sahil təhlükəsizlik xidməti həmin miqrantları təhvil aldı. Xilas etdiklərimiz arasında 1-i qadın, 1-i 5 yaşlı qız uşağı, qalanı isə kişilər idi”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də