RegionTV.info Rəfail Becanovun yazısını təqdim edir
Ermənistan müharibə etmək gücündə deyil. 44 günlük müharibə Ermənistanın hərbi gücü və hətta havadarları ilə bağlı yaranmış mifi elə döyüş əməliyyatlarının ilk həftəsində yerlə yeksan etdi. İndiki təxribatlar da, sərhədpozma da müharibə və ya revanşa yox, Ermənistanın daxilindəki siyasi qarşıdurmalardan yayınmağa hesablanıb.
Kəlbəcər istiqamətindən dövlət sərhədimizin pozulması, hərbçimizin snayperlə vurularaq şəhid olması da bunun tərkib hissəsidir. Lakin təxribatlar cavabsız qalmır. Qalib Azərbaycan ordusu düşməni necə lazımdırsa, elə də cəzalandırır. Düşmən susdurulur, özü də bir neçə dəfə artıq...
Ermənistanın daxilində siyasi xaos hakimdir. Paşinyan seçkdə qalib gəlsə də, proseslərin hakimi-mütləqi deyil. "Revanşistlər" marıqdadır. Paşinyanın səhv etməsini gözləyirlər. Bu səhv nə qədər tez olacaqsa, onlar da bir o qədər tez revanş götürəcəklər. Təbii ki, bu revanşın bizə heç bir isti-soyuğu yoxdur.
Ona görə ki, istər Paşinyan, istər digər qüvvələr, yəni "revanşistlər" olsun, fərq etməz, heç birinin Azərbaycana, onun şərtlərinə və zəfərinə hər hansı təsiri olmayacaq. Çünki müharibə bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, status yoxdur, ATƏT-in Minsk qrupu "ölüb". Ərazimizin bir hissəsində qalan ermənilər isə sülh prosesi möhkəmləndikdən sonra ya bizim qanunlarla yaşamalı, ya da ölkəni sakit formada tərk edib getməli olacaqlar. Reallıq budur.
Dövlət sərhədimiz boyu törədilən təxribatlar Ermənistan hakimiyyətinin diktəsiylə həyata keçirilir. Paşinyanın məqsədi erməniləri qorxu altında saxlamaq, hakimiyyət rıçaqlarını möhkəmlətməkdir. Paşinyan Azərbaycanın mövqeyini yaxşı bilir, 10 noyabr Bəyanatından irəli gələn tələbləri xoşla olmasa da, zorla yerinə yetirməyə məcbur ediləcəyini anlayır.
Prezident İlham Əliyev bunu dəfələrlə yerli və xarici mediaya müsahibələrində, bütün çıxışlarında birmənalı olaraq bəyan edir. Bu isə o deməkdir ki, Paşinyanın və Ermənistanın 10 noyabr razılaşmasından irəli gələn şərtlərə boyun əyməkdən başqa yolu yoxdur. Ona görə Paşinyan müxtəlif təxribatlarla prosesi uzatmaq və daxildə öz vəziyyətni sabitləşdirmək istəyir.
İndi Ermənistanın qarşısında duran əsas məsələlərdən biri Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur:
"Rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil.
Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir".
Erməni mənbələri də münasibətlərdə yeni mərhələnin başlanacağına az vaxt qaldığını iddia edirlər. Yekun sülh sazişinin imzalana biləcəyi isə Ermənistanı yenidən qarışdırmağa başlayıb. Azərbaycan tərəfinin sərt mövqeyi, 10 noyabr razılaşmasından irəli gələn şərtlər Paşinyana və Ermənistana çıxış yolu qoymur. Sülh müqaviləsi imzalanmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, rəsmi olaraq Qarabağa iddialarından əl çəkməli, Zəngəzur dəhlizi açılmalı və eləcə də digər şərtləri yerinə yetirməlidir. Paşinyanın çıxış yolu bu şərtlərə əməl etməkdir.
Bu şərtlərə əməl edərsə, siyasi və hərbi xaosun hökm sürdüyü Ermənistanda nələr olacaq? Təbii ki, "revanşistlər" bu bəhanələrlə Paşinyana qarşı növbəti hücumlara başlayacaqlar və bu, sonda seçkini udmasına baxmayaraq, Paşinyanın devrilməsi ilə nəticələnə bilər. Bütün bunları gözardı edən Paşinyan Azərbaycana qarşı sərhəd təxribatları düzənləyir. Paşinyanın bu təxribatlarının məqsədi yeni münaqişə ocağı yaratmağa cəhd, qarşıdurmanın bitmədiyini və hələ sülh müqaviləsinin imzalanması üçün şəraitin yetişmədiyini göstərməkdir.
Sərhəd təxribatını Ermənistandakı revanşist qüvvələrlə əlaqələndirmək, bu təxribatların onların orduda olan dayaqları vasitəsilə törətdiyini iddia etmək inandırıcı görünmür. Paşinyanın sülh müqaviləsi imzalaması onlara da sərf edir. Çünki bu, onlara hərəkətlənmək üçün şans verəcək. Paşinyan da bunu bildiyindən, prosesi təxribatlar vasitəsilə uzatmağa çalışır. Ermənistan hakimiyyəti bilir ki, sülh müqaviləsi imzalandıqdan sonra ATƏT-in Minsk qrupunun yenidən "dirilməsi" və status məsələsi əbədi tarix olacaq.
Çünki Azərbaycan Prezidentinin bu məsələdə də sərt mövqeyi kifayət qədər aydındır. Prezident qəti olaraq bildirib ki, nə Dağlıq Qarabağ, nə də status olacaq. Ona görə də şiddətli hücum, hərbçimizin snayperlə vurulması, müxtəlif sərhəd təxribatları Ermənistan tərəfinin hərbi əməliyyatların hər an yenidən ola bilməsi ehtimalını yaratmaq cəhdi və prosesdən yayınmaq istəyidir.
Ermənistan hakimiyyəti və Paşinyanın digər bir məqsədi isə regionda yeni və fundamental bir münaqişə ocağının yaranması təhlükəsini gündəm etməklə Rusiyanı və KTMT-ni nəzəri cəhətdən də olsa prosesə qoşmaq, dolayısı ilə Türkiyənin münaqişənin aktiv tərəflərindən birinə çevrilməsinə nail olmadır. Buna nail olarsa, Paşinyan sülh müqaviləsindən yayınmaq, Zəngəzur dəhlizinin açılmasının əngəllənməsi üçün daha tutarlı arqument əldə edə bilər.
Rusiyanın Ermənistanı durdurmağa cəhd etməməsi isə bölgədəki qeyri-stabillikdən öz məqsədləri naminə istifadə etmək, özünün regionda olmamasının daha böyük fəsadlara yol acacağını dünyaya sübut etməkdir. Buna görə də Ermənistana "sus, dayan, köpək" əmrini vermir. Lakin gərəkli məqamda bu addımı atacağı istisna deyil.
Lakin Paşinyan da, Ermənistanın digər siyasi qüvvələri də bir məsələdə yanılırlar. 30 illik işğal siyasətləri, güclü və döyüşkən ordu mifi, beynəlxalq təsir gücü olan erməni lobbisi iddiası, birmənalı olaraq Ermənistanı müdafiə edən fövqəlhavadarları 44 günlük müharibənin gedişində necə tar-mar oldusa, bu təxribatların sonucu yenidən onlar üçün ciddi problemlər yarada bilər. Yəni Azərbaycan tərəfi 10 noyabr razılaşmasından imtina edə, Laçın dəhlizini birtərəfli qaydada bağlaya bilər.
Bu isə Ermənistanın yenidən "Dəmir Yumruq"la üz-üzə qalması deməkdir. Bu dəfə isə onu birmənalı olaraq, nə Rusiya, nə Fransa, nə də digərləri müdafiə edəcək. Çünki bu gün Azərbaycan bölgədə həm də tək deyil. Qafqaz regionunda söz sahibi olan Türkiyə də var...
Xəbəri paylaş