Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev müdafiə nazirinin müavini kimi ictimaiyyətə tanışdır. Lakin onun keçdiyi hərb yolu cəmiyyətdə maraq doğurur.
RegionTV.info xəbər verir ki, bu vəzifədən öncə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini vəzifələrini icra edən general-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.
O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Prezident İlham Əliyevin sərəncamı ilə 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2005-ci ildə "Vətən uğrunda" medalı və 2012-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
2014-cü ildə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Vətən Müharibəsində şəxsən iştirak edən general “Zəfər” ordeni, Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.
Xəbəri paylaş