Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi SOCAR Georgia Gas” şirkəti qonşu ölkənin Kvemo Kartli bölgəsinin Tetritskaro bələdiyyəsinin Manqlisi qəsəbəsini təbii qazla təmin edib.
RegionTV.info xəbər verir ki, yaşayış məntəqəsi dövlət proqramı çərçivəsində qazlaşdırılıb.
Qazlaşdırma işləri ilə tanış olan Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib ki, Manqlisidə bu günə qədər təbii qaz olmayıb: “Bu, olduqca çətin və bahalı layihə oldu. Lakin görülən işlər nəticəsində 1 600-ə yaxın ailə qazla təmin olunub”.
Genişmiqyaslı layihə çərçivəsində 45 180 metr uzunluqda qaz xətti çəkilib, 1 558 abunəçi qazdan istifadə imkanı əldə edib. Kurort qəsəbənin vahid qazpaylama şəbəkəsinə qoşulmasını Gürcüstanın Qaznəqletmə Şirkəti həyata keçirib.
Manqliyisə təbii qaz verilməsi mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, “SOCAR Energy Georgia”nın Baş direktoru Mahir Məmmədov, direktoru Azər Məmmədov, Gürcüstanın Qaznəqletmə Şirkətinin baş direktoru Mixeil Şalamberidze və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, 2019-2021-ci illər üzrə qazlaşdırma planına əsasən, Kvemo Kartli bölgəsində 7 870 abunəçini əhatə edən 29 kənd təbii qazla təmin olunacaq.
Xəbəri paylaş