Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
RegionTV.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər elan edilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Xəbəri paylaş