Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyanı sülhə vadar edən səbəblər - Bugünkü bəyanatın PƏRDƏARXASI

RegionTV.info
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etdi. 
 

Bəs Paşinyanı bu bəyanatı səsləndirməyə nə vadar etdi?

Bu barədə Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirdi ki, Paşinyanın belə bir mövqeyə gəlməsi obyektiv səbəblərlə və Rusiya amililə bağlıdır:

"Paşinyanın bu məsələdə artıq alternativi də yoxdur. Ona görə alternativi yoxdur ki, sülhdən imtina nəticə etibarı ilə Ermənistanın düşdüyü ağır iqtisadi durumdan çıxmasına daha ciddi əngəl olacaq. Sülhdən imtina kommunikasiyaların bərpası işinə də maneə olur. Belə davam edəcəyi təqdirdə Ermənistan yenə də blokadada qalacaq”. 

Deputat Paşinyanın seçkiöncəsi çıxışlarında da Azərbaycanla kommunikasiyaların bərpasında maraqlı olduğunu, Zəngəzur dəhlizinin açılmasının labüddüyünü etiraf etdiyini xatırladıb:

"Yəni Paşinyan vəziyyəti qiymətləndirərək, bu qənaətə gəlib. Hesab edirəm ki, Azərbaycan Prezidentilə Rusiya lideri Putin arasında olan son danışıqlarda Bakının sülh müqaviləsi imzalamağa hazır olması, İrəvanın isə bu istiqamətdə heç bir müsbət impuls verməməsi məsələsi də ciddi müzakirə olunub. Yəni Paşinyanın məlum mövqeyinin dəyişməsi obyektiv səbəblərlə bağlıdır. Eyni zamanda, burada Rusiyanın da Paşinyana müəyyən təsir göstərdiyi istisna deyil”. 

E.Nəsirov dedi ki, Paşinyanın belə bir bəyanatı nəticə etibarı ilə regionda yeni situasiyanı şərtləndirəcək: 

"Sözün həqiqi mənasında əməkdaşlıq üçün münbit şərait yarana bilər. Azərbaycan Prezidenti İlham Əliyev artıq öz mövqeyini bildirib və belə bir təşəbbüslə çıxış edib. Paşinyandan da artıq cavab gəlib. Ona görə hesab edirəm ki, artıq regionda yeni reallıqların yeni mərhələyə keçdiyinin şahidi ola bilərik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də